Baş nazir: "Bu gün heç bir ölkə təkbaşına sülh və təhlükəsizliyi təmin edə bilməz”
İkinci Dünya müharibəsindən sonra özünümüdafiə doktrinasını dəstəkləyən Yaponiya hökuməti radikal bir addım atıb və ölümcül silahların ixracına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Onun qabaqcıl raketləri, hərbi gəmiləri, sualtı qayıqları və təyyarələri həm Cənub-Şərqi Asiya, həm də Avropa ölkələri üçün maraq doğurur. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
Yeni qaydalar döyüş zonalarına ixracı qadağan etsə də, Ukrayna istisna hallarda Yaponiya silahlarına iddia edə bilər.
Baş nazir Sanae Takaiçi yazıb: "Bu gün heç bir ölkə təkbaşına sülh və təhlükəsizliyi təmin edə bilməz, ona görə də müdafiə texnologiyasında bir-birini dəstəkləyən tərəfdaşlara ehtiyacımız var".
Onun müəllimi, o vaxtkı Baş nazir Şinzo Abe, Çinin artan gücündən narahat olaraq, son on ildə hərbi ixracata yanaşmanı dəyişdirməyə başlamışdı. Lakin indiyə qədər xaricə yalnız beş kateqoriyalı avadanlıq satıla bilərdi: xilasetmə, nəqliyyat, xəbərdarlıq, müşahidə və mina təmizləmə.
Takaiçi hökumətinin qərarına əsasən, hakimiyyət orqanları ixracı izləyəcək və göndərişləri hərtərəfli yoxlayacaq.
“Financial Times”ın məlumatına görə, Ukrayna kimi silahlı münaqişədə iştirak edən ölkələrə hərbi silahların ixracına yalnız müstəsna hallarda, hakimiyyət orqanları Yaponiyanın milli təhlükəsizliyini təmin etmək üçün zəruri hesab etdiyi təqdirdə icazə veriləcək.
Yaponiya müdafiə şirkətləri hökumətin qərarını alqışlayıblar. İdarə olunan raketlər və təyyarə mühərrikləri istehsalçısı olan IHI şirkəti bildirib ki, bu, "beynəlxalq əməkdaşlığın sürətləndirilməsinə əlverişli bazar mühitinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək". “Terra Drone” şirkətinin baş direktoru Toru Tokuşiqe bildirib ki, dəyişikliklər böyük bazar imkanları açacaq və Yaxın Şərq, ABŞ və Avropadakı potensial müştərilərlə danışıqlar artıq intensivləşib.
Müdafiə Nazirliyinin keçmiş rəsmisi Hirohito Ogi bildirib: “Yaponiya iki-üç il əvvəl, Rusiyanın Ukraynaya hücumundan və Çinin hərbi ambisiyaları aydınlaşdıqdan sonra siyasətini yenidən nəzərdən keçirməli idi. Amma gec də olsa, heç vaxtdan yaxşıdır”.
Yaponiya rəsmiləri və xarici diplomatlar “Reuters” agentliyinə bildiriblər ki, Polşadan Filippinə qədər ölkələr hərbi modernləşdirmə səylərinin bir hissəsi olaraq tədarük imkanlarını araşdırırlar. Onlardan ikisinə görə, ilk sövdələşmələrdən biri Filippinə işlənmiş hərbi gəmilərin satışı ola bilər.
Yeni ixrac doktrinasının elan edilməsindən əvvəl Yaponiya ötən həftə sonu Avstraliya ilə üç freqat üçün milyardlarla dollarlıq müqavilə imzalayıb. Həmçinin Böyük Britaniya və İtaliya ilə birgə hazırladığı yeni nəsil qırıcı təyyarəni də sata biləcək.
ABŞ-ın Yaponiyadakı səfiri Tokionun qərarını kollektiv müdafiəni gücləndirmək üçün "tarixi addım" adlandırıb. Almaniya səfiri isə bunun "qlobal sabitliyi gücləndirmək üçün" daha sıx əməkdaşlığa qapı açdığını bildirib.
Tokio hərbi-sənaye kompleksinin inkişafının milli sənayenin inkişafına töhfə verəcəyinə ümid edir. Bundan əlavə, Yaponiya ixracatının artması üçün vəziyyət olduqca əlverişli görünür: Ukraynadakı müharibə, Qərb müttəfiqlərinin silah təchizatı, Avropada davam edən yenidən silahlanma və Yaxın Şərqdəki müharibə zamanı sursatın külli miqdarda xərclənməsi yeni təchizata ciddi tələbat yaradıb.