Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid dəfn olunub

Xəbərlər

27.03.2024 - 17:32

Akif Mahmudov Ceyranbatanda torpağa tapşırılıb

1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan Akif Seydulla oğlu Mahmudovla vida mərasimi başa çatıb.

AYNA-nın “Report”a istinadən xəbərinə görə, mərasim Sumqayıt şəhərinin Ceyranbatan bağları adlanan ərazisində - mərhumun ailəsinin yaşadığı evdə keçirilib.

Vidada Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Rahim Mustafayev, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatandan sonra mərhum Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.

Müəllif: Ayna.az