Şəhriyar Salahlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub
Noyabrın 3-ü saat 09:00 radələrində Xızı rayonu ərazisində yerləşən “Yaşma Quşçuluq” MMC-nin ətraf mühafizəsində işləyən 1999-cu il təvəllüdlü Sərxan Mirzəbabayevin bıçaqlanaraq öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Xızı Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, həyata keçirilmiş istintaq tədbirləri nəticəsində müəyyən edilmişdir ki, zərərçəkmişin iş yoldaşı, onunla eyni vəzifədə işləyən 1998-ci il təvəllüdlü Şəhriyar Salahlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərxan Mirzəbabayevin döş qəfəsinin ön səthinin sol yarısına bıçaqla bir neçə xəsarət yetirərək onu qəsdən öldürüb.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Şəhriyar Salahlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.