XİN başçısı: “Münaqişənin həllində heç bir irəliləyiş olmayıb”

Siyasət

26.08.2020 - 16:13

Ceyhun Bayramov: “Dağlıq Qarabağla bağlı Rusiyanın fəal roluna ümid bəsləyirik”

 

“Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş müşahidə olunmur. Rəsmi Bakı bu məsələdə Moskvanın səylərinə xüsusi ümid bəsləyir”. AYNA xəbər verir ki, bu sözləri Moskvada səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında söyləyib.

 

Nazir bildirib ki, rəsmi Bakı Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal roluna xüsusi ümidlər bəsləyir: “Təəssüf hissi ilə qeyd etməliyəm ki, münaqişənin həllində heç bir irəliləyiş olmayıb. Ermənistan ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini işğal altında saxlayır”.

 

Azərbaycanın XİN başçısı Ermənistanın nəzarəti altında olan ərazilərdən qovulan Azərbaycan əhalisinin əvəzinə xaricdən, o cümlədən Yaxın Şərq ölkələrindən olan etnik ermənilərin məskunlaşdırılmasına diqqət çəkib. C. Bayramovun sözlərinə görə, bu beynəlxalq humanitar hüququn, ilk növbədə Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Müəllif: Ayna.az