Güman olunur ki, görüşün təxirə salınması səbəbi Gürcüstanda yaranmış daxili siyasi vəziyyətlə əlaqəlidir
“Bu ilin 19 fevral tarixində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü təxirə salınıb”.
AYNA xəbər verir ki, bu ifadələr Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Nazirlərin görüşünün hansı səbəbdən təxirə salındığı açıqlanmayıb.
Güman olunur ki, səbəb Gürcüstanda yaranmış daxili siyasi vəziyyətlə əlaqəlidir.
Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri Georgi Qaxariya vəzifəsindən istefa verib.
Gürcüstan mediası da bildirir ki, Baş nazirin müavini, xarici işlər naziri David Zalkalianinin Azərbaycana səfəri Baş nazir Georgi Qaxariyanın və hökumətin istefası ilə əlaqədar təxirə salınıb.