Xəzərin hasarlı sahilləri, Qarabağdakı narkoplantasiyalar və... - "Mülkləri sökülsün" 

Cəmiyyət

15.04.2022 - 15:10

"Hələ də məlumatlar var ki, sülhməramlıların nəzarəti altında olan ərazilərdə erməni xunta rejiminin narkotik plantasiyaları var"

Deputat: "Xalqa hüququn, qanunun aliliyindən danışırıq. Xalq da görür ki, bu fikir doğru deyil”

Bu gün Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Gündəliyinə 14 məsələnin daxil olduğu iclasda deputatlar cari məsələlərlə bağlı fikirlərini səsləndirib, təkliflər irəli sürüblər. 

Deputat: "Quantanamo həbsxanasında olan işgəncələr heç yerdə edilməyib"

Deputat Siyavuş Novruzov ABŞ Dövlət Departamentinin hesabatından danışıb. Bildirib ki, Dövlət Departamentinin hesabatında Azərbaycanda internet azadlığının olmaması haqqında qeyd var: "Amma hər kəs bilir ki, ABŞ-da seçki dövründə Donald Trampın (ABŞ-ın sabiq Prezidenti - red) sosial şəbəkə hesablarını bağladılar. Bu, Trampın fikirlərini ictimaiyyətə çatdırmasının qarşısını almaq üçün idi. İndi deyirlər ki, Azərbaycanda internet azadlığı yoxdur". 

“Azərbaycanda sərbəst toplaşma azadlığına irad bildirirlər. Özlərində hansı toplantıya icazə verilib? Seçki dövründə Trampın tərəfdarları bu azadlıq hüququndan istifadə edib toplaşmırdı?! Polis zorakılığından danışırlar. Ən böyük polis zorakılığı ABŞ-ın özündədir. Qara dərililərə qarşı hansı zorakılıqlar edilir. Həbsxanalardakı vəziyyətə irad bildirirlər. Quantanamo həbsxanasında olan işgəncələr heç yerdə edilməyib”, - Novruzov vurğulayıb.

"Köçəryan və Sarkisyanın Qarabağda narkotik plantasiyaları olub"

Millət vəkili işğal vaxtı Ermənistanın sabiq rəhbərlərinin Qarabağda törətdiyi cinayətlərlə bağlı da danışıb: "Ermənistanın keçmiş hər iki Prezidenti işğal zamanı Azərbaycan torpaqlarından narkotik dövriyyəsi kimi istifadə edib. Keçmiş prezidentlər - Robert Köçəryan və Serj Sərkisyan narkotiklərin dünya bazarlarına çıxarılması ilə məşğul olublar. Erməni zabitlər də hərbi cinayətlərlə bərabər, işğal altında olmuş Azərbaycan torpaqlarında narkotik dövriyyəsi ilə məşğul olublar". 

"Hələ də məlumatlar var ki, sülhməramlıların nəzarəti altında olan ərazilərdə erməni xunta rejiminin narkotik plantasiyaları var. Biz bununla bağlı dünya ictimaiyyətinə lazımlı məlumatları çatdırmalıyıq. Bu məlumatlar erməni mətbuatında da yer alıb”, - deyə deputat vurğulayıb.

Xankəndinin deputatı: "Sarkisyan, Köçəryan, Balayan kimi şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi olduqca vacibdir” 

Xankəndi seçki dairəsinin deputatı Tural Gəncəliyev isə bildirib ki, son zamanlar azad olunmuş ərazilərdə tapılmış kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsində törədilən cinayətləri üzə çıxarır: "Bu kütləvi məzarlıqların gələcəkdə də aşkarlanması faktları olacaq. Biz bunların əlavə gücləndirici faktlar və dəlillər kimi beynəlxalq məhkəmələrdə istifadəsini nəzərdən keçirməliyik. Çünki burada mülki insanlara qarşı törədilmiş cinayətlərdən söhbət gedir, planlaşdırılmış cinayətlər olub. Xüsusilə bu gün biz Ukraynada mülki insanlara qarşı belə cinayətlərin törədildiyinin şahidiyik və dünya ictimaiyyəti tərəfindən buna olan reaksiyaları görürük. Buna görə biz də Azərbaycan mülki əhalisinə qarşı törədilmiş cinayətləri yaymalı, bunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. 

"Əlləri azərbaycanlıların qanına batmış Sarkisyan, Köçəryan, Balayan kimi şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi olduqca vacibdir”, - Gəncəliyev əlavə edib.

İsveçdə "Qurani-Kərim"in yandırılmasına azərbaycanlı deputatdan sərt reaksiya

Deputat Razi Nurullayev isə müqəddəs "Qurani-Kərim" kitabının Avropada yenidən təhqir olunduğunu deyib və buna etiraz edib. Millət vəkili bildirib ki, Danimarkanın “Starm kurs” ultra-millətçi hərəkatının lideri Rasmus Paludan yenidən müqəddəs kitabımızı İsveçin müsəlmanlar yaşayan məhləsində polisin iştirakı ilə yandırıb.

"Həmin şəxs oraya da polislərin əhatəsində gəlib. Hadisəyə polisin seyirçi yanaşması dinlərarası uçurumu dərinləşdirir, terror qruplarını daha da radikallaşdırır. Bu aktın özü də bir terror hadisəsidir, terrora çağırışdır, ölkələri, dinləri üz-üzə qoymaqdır. Mən yalnız bu radikal millətçinin hərəkətini yox, həm də İsveç hökumətinin və polisinin bu vandalizmə qarşı seyrçi qalmasını şiddətlə pisləyirəm", - R.Nurullayev söyləyib.

"Dənizi hasarlayanların hasarları və mülkləri sökülsün"

R.Nurullayev daxili məsələlərdən danışarkən isə Xəzər dənizi sahillərinin hələ də hasarlı qaldığını deyib: "Yaz-yay mövsümü gəlib, istilər başlayıb. Bir azdan vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyəcəklər. Amma hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahilləri işğal altında qalmaqda davam edir. Son illər IDEA-nın rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çəmərliklərin yaradılmasına başlanılıb və bunu alqışlayıram. Bu isə kifayət etmir. Dəniz Allah tərəfindən xalqımıza lütf edilən bir ilahi sərvət, Konstitusiya tərəfindən isə istifadəsinə maneəsiz verilən bir hüquqdur. Hərə dənizin beş-on hektarını çəpərləyib, bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır. Sonra da onlara hüququn, qanunun aliliyindən danışırıq və hər kəsin də qanun qarşısında bərabər hüquqlu olduğunu deyirik. Xalq da görür ki, bu fikir doğru deyil”.

"Mərhum Prezident Heydər Əliyevin fərmanı ilə dənizdən 130 metr kənarda tikinti işi aparmağa icazə verilirdi. İndi bu məsafə 30 metrə endirilib. Bu məsələni əsaslandırıb cənab Prezidentə imzaya təqdim edənlər bu xalq və dövlət qarşısında məsuliyyət daşıyır. Çünki öz torpaqlarını və mülklərini nəzərdə tutub bu addıma gedib. Təklifim budur ki, dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağa qanunla təsbit edilsin və dənizi hasarlayanların hasarları və mülkləri sökülsün", - deyə deputat fikrini tamamlayıb.

Daha sonra deputatlar gündəlikdə duran məsələlərin müzakirəsinə keçiblər. 14 qanunda əlavə və dəyişikliklər müzakirə olunub, səsvermə ilə qəbul edilib. 

Müəllif: Anar Bayramoğlu