“Xüsusi qrup yaxın vaxtlarda hadisənin baş verdiyi əraziyə göndəriləcək”
Ötən gün Xəzər dənizində baş verən vulkan püskürməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi qrup yaradılıb. AYNA xəbər verir ki, bu barədə brifinqdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov deyib.
Onun sözlərinə görə, xüsusi qrup yaxın vaxtlarda hadisənin baş verdiyi əraziyə göndəriləcək: “Daha sonra isə ictimaiyyətə ətraflı məlumat veriləcək. Ancaq palçıq vulkanının baş verdiyi ərazidə vulkan sönmə mərhələsindədir”.
“Bu gün helikopter tərəfindən həmin yerə baxış keçirilib. Salyan rayonunun sahildən 33 kilometr məsafədə Daşlı adada palçıq vulkanı baş verib. FHN həmin an helikopterlə xüsusi cihazla araşdırma aparıb və məlum olub ki, radiasiya fonu yoxdur”, - deyə nazirlik rəsmisi qeyd edib.