Xaricdən Qarabağa baxış: “Aksiya davamlı olsa, biz də gəlib iştirak edəcəyik”

Aktual

15.12.2022 - 10:15

Azərbaycanlı fəalların Rusiya sülhməramlılarının qanunsuz əməllərinə qarşı etirazı ölkədən kənarda böyük maraqlı izlənilir

Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, ictimai fəalların Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir. Etirazçılar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb etsələr də, onların israrlı tələbləri yerinə yetirilmir. Aksiya iştirakçılarının sayı sürətlə artır və hər gün paytaxtdan Şuşaya yüzlərlə soydaşımız yola düşür. Onların yerləşməsi üçün ərazidə çadırlar da qurulub.

Dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idilər. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Sözügedən etiraz aksiyası dünyada duyulurmu? Qarabağda baş verənlər xaricdə nə kimi reaksiyalara səbəb olur?

AYNA mövzuya dair ölkə xaricində yaşayan soydaşlarımızla həmsöhbət olub.

ABŞ-da yaşayan politoloq Zaur Bayramlı:

“Azərbaycanlı fəalların keçirdiyi aksiya Amerikada yaşayan soydaşlarımız tərəfindən də coşğu ilə qarşılanıb. Uzaqda olsaq da, qəlbimiz bu soyuq və şaxtalı havada Şuşa-Xankəndi yolunda rus-erməni işğalçılarına qarşı dinc etiraz aksiyası keçirən soydaşlarımızın yanındadır.

Ukraynada soyğunçuluq edən bir cinayətkarın “qəhrəmanlıq” olaraq sırınan quldurluğu rus “sülhməramlıları”na qarşı ağlı ilə, məntiqi ilə, cəsarəti ilə dirəniş göstərən, onları sındıran soydaşlarımızın qəhrəmanlığının kölgəsində qaldı. Tarixi Zəfərdən sonra regionda yeni reallıqlar yaranıb və postsovet məkanını öz nəzarətində görmək istəyən imperialist Rusiya da bu reallıqla barışmalıdır. Qarabağ bizim tarixi ərazimizdir və orada faydalı qazıntı yataqlarının istismarı da, əraziyə, ekoloji şəraitə nəzarət də bizim haqqımızdır.

İrandan və Rusiyadan Azərbaycana qarşı yönələn təzyiqlər bir daha onların kimliyini ortaya qoyur. Hər iki adını çəkdiyim dövlət tarixən bizə düşmən kimi yanaşıb. Güney Azərbaycan məsələsinin Azərbaycan dövlətinin gündəminə gəlməsindən, Azərbaycan ilə Türkiyə arasında işbirliyinin getdikcə dərinləşməsindən, F-16-ların Azərbaycana gəlişindən ciddi şəkildə rahatsız olanlar indi də QHT-lərimizin və media mənsublarımızın Qarabağda keçirdikləri aksiyadan təşvişini gizlədə bilmirlər. Bunlar əsasən bildiyimiz ənənəvi rusçular və farsçılardır. Bu günlərdə Güneydəki soydaşlarımızın hüquqlarının qorunması və fars rejimi əleyhinə ABŞ-da növbəti izdihamlı aksiya keçirdik. Bu istiqamətdə fəaliyyətimiz bundan sonra da davam edəcək”.

ABŞ-da yaşayan siyasi şərhçi Azər Aslanlı:

“Rusiya regiona nəzarəti itirmək üzrədir və bu səbəbdən isterik davranışlar nümayiş etdirir. Ukrayna təcavüzünə qədər Rusiya düşünürdü ki, keçmiş ittifaq ölkələrinin ağası odur. Qonşu dövlətləri işğala məruz qoyur, separatizm meyllərini alovlandırmağa çalışırdı. Lakin Ukraynada bütün arzuları suya düşdü. Ukraynanın qətiyyətli dirənişi, ABŞ və Qərbin çoxvektorlu sanksiyaları qarşısında beli büküldü. İndi Moskva öz qamətini düzəltməyə çalışır.

Artıq ruslar da Kremlin siyasətinə boyun əymək istəmirlər. Putin və administrasiyası üçün olduqca təhlükəli şərait yetişib. Hadisələrin bu şəkildə gedişatı onların sonunu gətirə bilər. Bu səbəbdən isterik addımlar atır, diqqəti özündən yayındırmağa çalışırlar. Rusiya sülhməramlı kontengentinin son təxribatları həm də bundan qaynaqlanır.

Azərbaycanda olsaydım, mütləq bu aksiyada iştirak edəcəkdim. Ürəyimiz qürur hissi ilə alışıb yanır. Bəziləri iddia edir ki, bu cür mübarizə üsulları adekvat deyil. Tamamilə səhv və ziyanlı yanaşmadır. Xarici təzyiqlərə münasibətdə belə də davranmaq lazımdır. ABŞ və Fransa da erməniləri dəstəkləyən bəyanatla çıxış edib. Lakin onların bəyanatları təsirsiz bir vasitədir. Əgər təsirli olsaydı, 30 illik işğal dövründə bir təsiri olardı.

Soydaşlarımızın aksiyasını təqdir edirik və onların yanında olduğumuzu bəyan edirik. ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, media resursları vasitəsilə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik”.

Türkiyədə yaşayan gənc sahibkar Mikayıl Mirzəzadə:

“Türkiyədə bu aksiya maraqla izlənilir. Təsəvvür edin ki, ictimai nəqliyyatda, taksidə hər kəs bu aksiyadan danışır. Çox möhtəşəm aksiyadır. Nəhayət, Rusiyaya öz yerini göstərmək lazım idi. İşğal və müharibə dövründə erməniləri silahlandırdılar, onlara dəstək göstərdilər. Torpaqlarımızın işğalında və Xocalı soyqırımında birbaşa iştirak etdilər.

“Şimal ayısı” regionu qarışdırmağa və millətlər arasında ədavəti qızışdırmağa öyrəşib. Daha unudur ki, nə dövr əvvəlki dövrdür, nə də Rusiya əvvəlki Rusiyadır. Bu reallıqla barışmaq istəmirlər. Rusiya işğalçıdır və Ukraynada onmilərlə günahsız insanı qətlə yetirib. Putin və komandası anlayır ki, buna görə cavab verəcəklər. Başqa dövlətlərin daxili işlərinə müdaxilə onları dar ağacından xilas etməyəcək. Əksinə, bu cür təxribatçı hərəkətləri onlara olan nifrəti daha da alovlandıracaq.

Fəalların etiraz aksiyasından ciddi gözləntilərim var. Əgər bu aksiyalar davamlı olacaqsa, mən də Bakıya qayıdacaq və bu aksiyalarda iştirak edəcəyəm. Türkiyədə yaşayan soydaşlarımızla əsas müzakirə mövzusu məhz bu aksiya ilə bağlıdır. Sosial şəbəkələrdə davamlı olaraq bu aksiyanı izləyirik. Əminəm ki, bu aksiya Rusiyaya, eləcə də Azərbaycanı sevməyən digər dövlətlərə - İrana, Fransaya ciddi mesaj olacaq”.

Macarıstanda yaşayan və bank sektorunda çalışan Fərqanə Bayramlı:

“Bu aksiyanı yaxından izləyirəm. Tələbəlik dövrümdə aktiv ictimai fəaliyyətlə məşğul olmuşam. Bu hadisələri izlədikcə həmin dövrlərə qayıdıram. Çox möhtəşəm aksiyadır.

Tovuz hadisələrində və İkinci Qarabağ müharibəsində həmrəylik nümayiş etdirən xalqımız bu dəfə də yüksək birlik nümunəsi ortaya qoydu. Qeyri-hökumət təşkilatları fəallarının və mətbuat nümayəndələrinin fədakarlığı təqdir olunmalıdır.

İnanıram ki, bu aksiya Rusiya sülhməramlı kontingentinin təxribatçı fəaliyyətinə layiqli cavab olacaq. Nəhayət, onlar başa düşməlidirlər ki, bu torpaqlar Azərbaycana məxsusdur və qərar vermək səlahiyyətinə malik yeganə ölkə də Azərbaycandır”.

Müəllif: Azər Niftiyev