Hikmət Hacıyev: “Tarixi Vaşinqton razılaşması Cənubi Qafqaz regionunu tamamilə dəyişəcək”
“Xalqlarımızı sülhə hazırlamalıyıq. Azərbaycan üçün müharibə və münaqişə bitib. Sülh, rifah yaratmalı, inkişafı təmin etməli, Cənubi Qafqazın bütün geosiyasi mənzərəsini dəyişməlidir”. AYNA.AZ xəbər verir ki, bunu Qətərdə keçirilən Doha Forumunda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Bu aspektdə xalqlar arasında etimadın önəmli olduğunu vurğulayan H.Hacıyev deyib ki, Azərbaycan sülhü əbədi, davamlı və geri dönməz etmək istəyir: “Bunun üçün çox çalışmalıyıq. Bilirik ki, bəzən sülhü pozmaq istəyən qüvvələr ola bilər. Biz elə regional təhlükəsizlik arxitekturası qurmalıyıq ki, sülhə qarşı bütün mənfi meyllərə tab gətirsin. Bunun üçün əvvəlcə hökumətlər arasında etimad lazımdır. Məmnuniyyətlə deyə bilərəm ki, Ermənistan və Azərbaycan hökumətləri arasında etimad elementləri formalaşır. Bu, mühüm təməldir. Amma daha önəmlisi xalqlar arasında etimaddır. Biz xalqlarımızı sülhə hazırlamalıyıq. Azərbaycanın mesajı həmişə belə olub ki, biz sülh sazişini yalnız Ermənistan hökuməti ilə imzalamaq istəmirik, həm də Ermənistan xalqı ilə imzalamaq istəyirik ki, gələcək nəsillər də bunun faydasını görsün. Biz etimad quruculuğu tədbirləri üzərində işləyirik. Bilirik ki, bu çətindir. Cəmiyyətimizdə yaralar hələ təzədir, 30 illik münaqişə, son beş ildə eskalasiyalar və real müharibə vəziyyəti yaşanıb. Amma ən əsası budur ki, Azərbaycan regional liderlik və məsuliyyəti üzərinə götürüb”.
“Tarixi Vaşinqton razılaşması Cənubi Qafqaz regionunu tamamilə dəyişəcək. Cənubi Qafqazda son 30 il ərzində münaqişə və müharibə hökm sürüb. Nəhayət, buna son qoyulub. Mən bunu tez-tez Cənubi Qafqaz üçün “Kemp-Devid sülh modeli” adlandırıram. Əlbəttə, hər bir münaqişə fərqlidir. Hər bir geosiyasi kontekst də fərqlidir. Amma əminəm ki, bu sazişin təsiri də oxşar olacaq”, - Hacıyev əlavə edib.
Prezidentin köməkçisi Azərbaycanın 30 ildir ki, sülhü gözlədiyini vurğulayıb.
H.Hacıyev qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın rolu fundamental idi, bu, Azərbaycan-Ermənistan sülh prosesində dönüş nöqtəsi oldu: “Azərbaycan və Ermənistan son beş ildə sülh gündəliyi üzərində çalışırdı. Mən də erməni həmkarımla çoxsaylı görüşlərdə iştirak etmişəm. Bəli, bəzən müzakirələr çətin idi, razılaşmadığımız məqamlar olurdu. Amma Azərbaycan təşəbbüs göstərdi və masa üzərinə real sülh sazişi mətni və sülhün beş əsas prinsipini qoydu. Prezident Trampın və onun komandasının prosesə daxil olması ilə biz anladıq ki, ABŞ beynəlxalq sülh gündəminə tam sadiqdir. Biz də sülhün geri dönməz olması üçün ABŞ-ın güclü siyasi çəkisinə və təminatına ehtiyac duyurduq. Fevraldan başlayaraq ABŞ-la intensiv təmaslara başladıq. ABŞ həm Ermənistan, həm Azərbaycanla paralel işləməyə başladı. Sonra bütün proseslər birləşdi və nəticə verdi. Vaşinqtondan əvvəl Əbu-Dabi görüşü oldu, bu, beş saatdan çox davam etdi. Biz orada Vaşinqton prosesinin əsas çərçivələrini razılaşdırdıq. Prezident Trampın fundamental rolu Azərbaycan-Ermənistan sülh prosesində dönüş nöqtəsi oldu”.