Vətəndaşlardan yeni təklifə maraqlı reaksiya: Heyvanı sevirik, insana inanmırıq

Maraqlı

24.04.2021 - 18:25

Ev heyvanlarının sığortalanması ideyası cəmiyyətdə maraqla qarşılansa da, sığorta şirkətlərinə inamsızlıq öz işini görür

 

Son illər Bakı şəhərində heyvansevərlərin sayı çoxalıb. Artıq küçələrdə, parklarda bu cür xeyli sayda insanla rastlaşırıq.

 

Hətta, sığorta mütəxəssisi Əli Bayramov ev heyvanlarının sığortalanması üçün maraqlı təklif də verib. O bildirib  ki, ev heyvanlarının sığortasını tətbiq etmək olar.

 

AYNA bu təklifə mütəxəssislərin və evində heyvan saxlayan vətəndaşların münasibətini öyrənib.

 

Elə Əli Bayramov özü hesab edir ki, əgər bu sığorta barədə yaxşı təşviqat aparılsa, mütləq şəkildə insanların marağına səbəb olacaq: “Axı son illər Azərbaycanda, xüsusilə paytaxt Bakıda ev heyvanlarını sevənlərin sayı artıb. Həmin heyvansevərlər özləri ən azı bir ev heyvanı saxlayırlar. Belə olan halda niyə də heyvanlar üçün sığorta olmasın? Sığorta şirkəti heyvanları tibbi sığortlayacaq və onları baytar nəzarətinə aparmaqdan başlayaraq itməsi və ya oğurlanmasına kimi hallara qarşı sığortalaya biləcək. Bu, heyvanın sahibinin seçəcəyi sığorta paketindən asılıdır. Düşünürəm ki, itin cinsindən asılı olaraq qiymətlərdə fərq olacaq. 300-500 manata kimi sığorta paketi ola bilər. Bazarda bu cür sığortaya ehtiyac var”.

 

Sığorta mütəxəssisi Şahin İsmayılov: “Azərbaycada ev heyvanları həvəskarlarının sayı o qədər deyil ki, bu sığorta növü bu gün bizdə tətbiq edilsin. Düşünürəm ki, bazar üçün real deyil. Çünki, onsuz insanların sığortaya inamı o qədər də güclü deyil, həmçinin də belə halda çətin ki, kimsə ev heyvanını 300-500 manata sığortalasın”.

 

Vətəndaş İlahə İbrahimova: “Mən böyük məmuniyyətlə itimi sığorta etdirərəm. Onsuz da, ayda 100-120 manat itimin aylıq xərcləridir. Ona görə 300-500 manat verib sığortalamaq daha yaxşıdır”.

 

Vətəndaş Aqil Rəhimov: “Mənim həyatda ən inanmadığım sahə sığortadır. İstər avtomobil, istər ev, istərsə də hər hansı digər sığorta. Bu şirkətlərin nümayəndələrinin beynində yalnız 2 fikir var: 1. Mümkün qədər çox insanı sığortaya cəlb etmək; 2. Mümkün qədər sığorta õdənişlərindən qaçmaq! Bu, mənim uzun illər boyu müşahidələrimin nəticəsidir. Mən heç bir sığortaya inanmıram və ev heyvanımı qəti şəkildə sığortalamaram”.

 

Vətəndaş İftixar Xəlilov: “Sığorta şirkətlərinə inanmıram. Bizdəki sığorta şirkətlərinə güvənmədiyim üçün, təəssuf ki, ev heyvanımı sığorta etdirmərəm”.

 

Vətəndaş Kəmalə Məmmədova: “Sığorta paketləri ilə tanış olsam, bəlkə də, itimi sığorta etdirərəm. Amma hal-hazırda mənim itim çox da tibb və ya digər prosedur tələb edən cinsdən deyil. Zənnimcə, bahalı dekorativ ev iti və pişikləri saxlayanlar edər. Birdə, biz ev, avtomobil sığortalarına ciddi yanaşmırıq, o ki qaldı heyvanlara. Bəlkə də, sığortaçı ailə sığortası alana, ev heyvanı sığortasını hədiyyə etsə, vətəndaşlara maraqlı olar”.

Müəllif: Təranə Xudabaxşiyeva