“Azərbaycan Ordusu hərb tarixinə düşəcək dastan yazdı” - <font color=red> Abdullah Ağar</font>

Maraqlı

20.11.2020 - 14:47

Türkiyəli hərbi ekspert: “Rusların Qarabağdakı sülhməramlı qüvvələri müvəqqətidir və Azərbaycanın gələcəyi üçün əsla təhlükə ərz etmir, çünki artıq Türkiyə var”

 

Axşam zəng elədi ki, gəl, sabah görüşək, "Sakit bir yerə gedək" dedi. Hiss edirdim ki, danışmağa ehtiyacı var Abdullah Ağarın. Elə mən də dolu idim, içimi ancaq ona tökə bilər, bəzi tərəddüdlərimi ancaq onunla paylaşa, müzakirə edə bilərdim…

 

Vədələşdiyimiz yerə çatanda baxdım ki, bizim “İctimai TV”-yə müsahibə verir. Gözlədim, bitən kimi gözdən iraq bir yerə apardım onu. Düz 2 saat söhbət etdik. Çox şeylərdən danışdıq, burada "Əsgər və yazar" (özünə belə deyir təbəssümlə) dostumuzun ancaq bəzi fikirlərini paylaşmaq istəyirəm:

 

- Qarabağ Savaşı böyük bir Zəfərlə sona çatmışdır;

- Azərbaycan xalqı qəhrəmanlıq göstərmişdir;

- Azərbaycan Ordusu hərb tarixinə düşəcək dastan yazmışdır;

- Şuşanın alınması tarixdə misli-bərabəri olmayan bir əfsanədir;

- Azərbaycan Tarixi indən belə 2 yerə bölünür:

a) Qarabağ savaşına qədər;

b) Qarabağ savaşından sonra.

- Azərbaycan bu savaşda mümkün ola biləcək hər şeyi həyata keçirmişdir;

- Savaşın qalibləri Azərbaycan Ordusu, Azərbaycan xalqı və onun Prezidenti İlham Əliyevdir;

- Rusların Qarabağdakı sülhməramlı qüvvələri müvəqqətidir və Azərbaycanın gələcəyi üçün əsla təhlükə ərz etmir, çünki artıq Türkiyə var;

- Ermənistan Silahlı Qüvvələrinin yarısı məhv olub;

- Ermənistan uzun illər özünə gələ bilməyəcək;

- Savaşın 2 tarixi nəticəsi var:

a) Qarabağ Azərbaycana qayıtdı;

b) Naxçıvanla Azərbaycanı birləşdirəcək koridor.

 

Abdullah Ağar 1967-də Ankarada doğulub, 1989-da Kara Harp Okulundan (Piyada məktəbi) məzun olub, komando dəstəsində xidmət edib, Özəl Qüvvələr Komandanlığında (Komando) müxtəlif bölgələrdə savaşıb, 6 il dağlarda PKK-ya qarşı mübarizə aparıb. Komandiri olduğu hərbi birlikdə 25 qazisi vardı, 11 də şəhid vermişdi (indi düşünün, necə qanlı döyüşlərdə vuruşub).

 

Bu gün təqaüddə olan Abdullah bəy İstanbuldakı Bahçeşehir Universitetində Beynəlxalq Təhlükəsizlik Siyasəti üzrə dərs verir. O, Türkiyənin ən güvənli hərbi ekspertlərindən biridir. Terror və terrorla mübarizə, habelə Türk Ordusunun hərəkatları haqda 9 kitabın müəllifidir.

Müəllif: İbrahim Nəbioğlu