Vətəndaşlar əmindir: Koronavirusun “yuvası” ictimai nəqliyyatdır

Cəmiyyət

23.02.2021 - 19:17

Əhali metronun açılmasını tələb edir, hökumət isə hələ də “olmaz”da israrlıdır

 

Xüsusi karantin rejimində bəzi yumşaldılma tədbirlərindən sonra (kafelərin, mağazaların, məktəb və bağçaların açılması), koronavirusa yoluxanların statistikasında qismən artım müşahidə olur. Mütəxəssislər bunun müxtəlif səbəblərlə əlaqələndirirlər. Bəs, vətəndaşlar nə düşünürlər – yeni artımın səbəbi nə ilə əlaqədardır?

 

 AYNA sualı sosial şəbəkə istifadəçilərinə ünvanlayıb.

 

Lalə Tağıyeva: “Avtobusda hamı çox “mehriban” olur. Belə olan halda virusun azalması mümkün deyil”.

 

Ağa Dadaşzadə: “Avtobusda olan sıxlıq. Bu problem həll olunmasa, virus azalmayacaq”.

 

Gülşən Şərif: “Metronun bağlı olması. Mütləq şəkildə metro açılmalıdır”.

 

Samir Xəlilov: “Birincisi, virusun artması avtobusların yetərli qədər olmaması ilə bağlıdır. İkincisi küçədə mən şəxsən maskasız şəxslər görürəm. Onlar sərbəst gəzişirlər, amma bir polis əməkdaşı gözə dəymir ki, desin, “maskan hanı?” Bəlkə, o, elə virusa yoluxub, digərlərinə keçirir… Üçüncüsü metro birmənalı olaraq açılmalıdır, yoxsa avtobusla insanlar bir-birilərinin ağzına girə-girə virusa yoluxacaqlar”.

 

Rövşən Əsədov: “Nəqliyyat problemi. Avtobuslarda sıxlıq virusun sürətlə artmasına səbəb olur”.

 

Faiq Mahmudov: “Yumşalmalardan sonra hərəkət edən insanların sayında ciddi artım olsa da, daşıyıcıların sayında artım olmadı. Avtobuslar vaxtında gəlmir. Metro bağlıdır. Bu səbəbdən ilk yetişən avtobuslarda yaranan sıxlıqlarda yoluxma halları baş verir”.

 

Elnur Kəlbizadə: “Səbəb TƏBİB-in əl ilə düzəltdiyi saydır. Məsələn, yumşalma başlayandan bəri altdan-altdan təhsil müəssisələrinə xəbər göndərirdilər ki, martda bağlanacaq hər yer. Bu, o deməkdir ki, virusun ilk günündən bəri düşündüklərim və inandıqlarım doğrudur. Bu, sadəcə bir oyundur. İndi də yavaş-yavaş ona hazırlıq gedir. Martın ilk günlərində deyəcəklər ki, “yoluxma 1000-in üzərindədir””.

 

Arzu Umut: “Restoranlardakı çal-çağır. Metronun bağlı olması. Məktəblərin açılması”.

 

Şükufə Süleymanlı: “Metroun bağlı olması və insanların vaksinə inanmamaları”.

 

Natiq Muxtarlı: “Günah vətəndaşlardadır. Operativ Qərargahın əməyini zay edirlər, "sosial məsafə saxlayın" tövsiyəsinə əməl etmirlər, metro əvəzinə avtobusa minib qəsdən süni sıxlıq yaradırlar. Bu qədər sadə”.

Müəllif: Təranə Xudabaxşiyeva