"Vaxtında vətəndaşları "üzən məzənnə"yə öyrəşdirmək lazım idi"

İqtisadiyyat

10.03.2020 - 16:58

Əkrəm Həsənov: "Bank sistemimizi qeyri-peşəkarlar idarə edir"


Neftin qiymətinin düşməsi bir daha göstərdi ki, maliyyə sistemimiz anormaldır, Mərkəzi Bank və kommersiya banklarının əksəriyyəti isə qeyri-peşəkarların əlindədir. Banklar əhaliyə dollar satmır. Daha doğrusu, az satır. Limitlər müəyyən ediblər, anket doldurmağı tələb edirlər və s. Bütün bunlar nədən xəbər verir və hansı nəticələr çıxara bilərik?

 

1. Mərkəzi Bank banklara kifayət qədər dollar satmaq istəmir. Yəni valyuta ehtiyarlarını xərcləmək istəmir. Buna görə də bankların əhalinin tələbatını ödəmək üçün kifayət qədər dolları yoxdur. Başqa sözlə, ölkədə valyuta böhranıdır.

 

2. Mərkəzi Bank ona görə banklara dollar satmır ki, özünün müəyyən etdiyi məzənnəyə (1,7) etibar etmir. Yəni başa düşür ki, neftin qiyməti uzun müddət ərzində ucuz qalsa, devalvasiya qaçılmaz olacaq. Buna görə də sadəcə gözləyir ki, bəlkə neft yenə bahalaşdı. Neft bahalaşmasa, devalvasiyaya gedəcək. Yəni həm vaxt udmaq istəyir, həm də valyuta ehtiyatlarını qorumaq.

 

3. Banklar rəsmi olaraq dolları Mərkəzi Bankın məzənnəsindən baha, özü də istədikləri məzənnə ilə sata bilsələr də, bunu etmirlər. Deməli, onlara qeyri-rəsmi göstəriş verilib ki, bunu etməsinlər. Bir sözlə, “manatın sabitliyi” oyunu davam edir. Məhz buna görə də limitlər müəyyən edilib, anket doldurmağı (anket tələbi ümumiyyətlə qanunsuzdur) tələb edirlər və s.

 

4. Bütün bunların yeganə nəticəsi odur ki, manata, Mərkəzi Banka, bank sisteminə etimad tam sarsılır. Son 2 ildə manatın məzənnəsini zorla saxlamaqla ona nail olmuşdular ki, manat əmanətlərinin həcmi artmışdır. İndi isə böyük ehtimalla əmanətçilər əmanətlərini dollara çevirmək istəyəcəklər.

 

5. Bəs nə etmək lazım idi? 3 il ərzində əvvəlki kimi sabit məzənnə siyasətini yürütməmək lazım idi. Neft ucuzlaşanda manat düşməli, neft bahalaşanda isə qalxmalı idi. Hamı da nəhayət öyrəşərdi ki, manat üzür. Belə olduğu təqdirdə indi heç kəs son manatını dollara dəyişmək istəməzdi. Çünki bilərdi ki, sabah neft bahalaşsa, manat da bahalaşacaq. İndi isə hamı bilir ki, neft bahalaşmasa, devalvasiya olacaq və ondan sonra neft bahalaşsa belə, manat bahalaşmayacaq.

 

6. İndi nə etmək lazımdır? Mərkəzi Bank elan etdiyi məzənnə (1,7) ilə banklara dollar satmalıdır. Banklar isə əhaliyə dolları öz istədikləri məzənnə ilə satmalıdır. Yəni hər şey qanun çərçivəsində və bazar iqtisadiyyatı prinsiplərinə uyğun olmalıdır. Panikanın, ajiotajın öhdəsindən gəlməyin yalnız bir yolu var: qanunçuluq, oyun qaydalarına riayət etmək. Ümumiyyətlə, iqtisadi inkişafın da əsası məhz budur.

 

7. Görünən odur ki, ötən 5 il ərzində nə Mərkəzi Bankın, nə də kommersiya banklarının əksəriyyətinin rəhbərliyinin peşəkarlığı artmayıb, ötən səhvlərdən heç bir nəticə çıxarmayıblar. Ümid edək ki, apreldə Milli Məclis nəhayət Mərkəzi Bankın rəhbərliyini dəyişəcək. Əks halda, azı hər beşillikdə bizi eyni problemlər gözləyir. Düzdür, yeni rəhbərin gəlməsi də o demək deyil ki, hər şey yaxşı olacaq. Bir də gördünüz ki, Mərkəzi Bankı da hansısa qlamur boşboğazın əlinə verdilər...

Müəllif: Əkrəm Həsənov, hüquqşünas, bank-maliyyə eksperti