“Ukraynalı qadınları zorla, amma bu haqda mənə heç nə demə” və ya bütöv xalqın sinizmi

Dünya

18.04.2022 - 18:15

Sinizm ilk növbədə ona görə təhlükəlidir ki, o, pisliyi fəzilətə yüksəldir

Morua

Müharibə başlayan, yad ölkəni işğal edən, dinc əhalini qətlə yetirən, şəhər və kəndləri viran qoyan, yoluna çıxan hər şeyi odla yandıran, dəmirlə əzən bir ölkə - konkret halda Rusiya haqqında normal insan nə düşünə bilər? Bəs belə bir orgiyaya başlamaq əmrini verən dövlət rəhbəri haqqında?

Təbii ki, çoxlu epitetlər var. Faşizmdən barbarlığa qədər. Amma bu gün mən təcavüzkarın yalnız bir keyfiyyətinə, yəni sinizminə diqqət yetirmək istərdim.

Sinizm aşıb-daşır

Müharibənin başlanmasının ilk günlərində bir çoxları, o cümlədən ciddi analitiklər güman edirdilər ki, Rusiyada əhalinin müharibə əleyhinə kütləvi etirazları başlayacaq və onların addımları dövlətin birinci şəxsi tərəfindən gedilən yolun səhv olmasının başa düşülməsinə gətirib çıxaracaq. Etirazlar və yürüşlər keçirildi, lakin onlar kütləvi xarakter almadı. Ölkə vətəndaşlarının əksəriyyəti qonşu və bir vaxtlar qardaş ölkədə baş verən qətlləri və zorakılığı dəstəkləyir.

Bəziləri vəziyyətin bu mənzərəsini Rusiyanın təbliğat maşınının formalaşdırdığını düşünür. Amma elə deyil. Bu nəticəni ən azı rusların sosial şəbəkələrdə nümayiş etdirdikləri mövqe ilə qiymətləndirmək olar. Bəli, bəzi faktlar sadəcə olaraq dəhşətlidir. Deyilənləri sübut edən yeni bir nümunə.

Bu günlərdə rus işğalçısının həyat yoldaşı ilə telefon danışığının səs yazısı dərc olunub. Ukrayna xüsusi xidmət orqanlarının sonradan müəyyən etdiyi kimi, söhbət əslən Oryol vilayətindən olan 27 yaşlı desant Roman Bıkovski və onun övladını böyüdən (bu uşaqdan nə çıxacaq - canavar və ya hansısa daha bir vəhşi?) arvadı Olqadan gedir. Belə ki, sonuncu nişanlısına ukraynalı qadınları zorlamağı, lakin bu barədə ona heç nə deməməyi tövsiyə edir. Bununla bağlı tərəflər konsensusa gəliblər...

Bu hekayədəki sinizm adamı mat qoyur. Ancaq bu sinizm nümunələri nadir hallar, özü də ən yüksək səviyyədə olmasaydı, hər şey yaxşı olardı. O zaman hər şeyi “bir dana bütöv naxırı korlayır” deyimi ilə izah etmək olardı. Amma məsələ burasındadır ki, nəinki aşağı təbəqələr arasında, hətta Rusiya cəmiyyətinin lap yuxarı təbəqələrində də belə əcaib düşüncələr kifayət qədərdir.

Mənəvi şikəstlər

Elə bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Ukraynaya silah tədarükünün dayandırılmasını tələb edən bütün ölkələrə notalar göndərilib. Yaxşı, bu, sinizm deyilmi? Yəni qarışmayın, Avropanın ən böyük ölkəsini öldürməyə, dağıtmağa, yerlə yeksan etməyə mane olmayın! Danışa və qınaya bilərsiniz, amma bundan artıq yox! Biz isə Ukraynada yeni Buça, Qostomel, Mariupol “yaradacağıq”...

Baxın, ukraynalıların rus işğalçılarına müqavimət göstərməsi, sink tabutlarının ard-arda Rusiyanın şəhər və kəndlərinə uzanması imperiyanın xoşuna gəlmir. Amma əbəs yerə rusların özləri deməyiblər: “Nə əksən, onu da biçəcəksən”.

Ancaq sinizm (yeri gəlmişkən, buna şizofreniya da deyə bilərsiniz) dövlətin birinci şəxsinin müraciəti ilə yayılmağa başladı. Məhz o, “xüsusi hərbi əməliyyat” rüsvayçı ifadəsindən istifadə edərək, Ukraynada baş verən hadisələrin müharibə adlandırılmasına qadağa qoymağın təşəbbüskarı olub. Güman edirdi ki, kampaniya bir neçə gün davam edəcək. Ancaq meşənin sıxlığı nə qədər dərin olsa, odun da bir o qədər çox olar.

İndi Rusiyanın itkiləri o qədər açıq və göz qabağındadır ki, dəvəquşu kimi başını quma basdırmaqla kifayətlənmək olmur. İndiyə qədər bu müharibədə rus şovinizminin üzünə dəyən ən həssas sillə “Moskva” raket kreyserinin batması oldu. Yeri gəlmişkən, ad çox simvolikdir. Hər keçən gün Moskva siyasi baxımdan da batır.

Rusiya ayıla bilər, əgər...

Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram”da axşam saatlarında yayımladığı videomüraciət zamanı, Rusiyanın Ukraynanı həmişəlik itirdiyini bildirib. Burada özünüzə sula verə bilərsiniz: çox kateqorik çıxış deyilmi? Həqiqətən də, bəşəriyyətin bütün tarixində minlərlə, bəziləri hətta bir əsrdən çox davam edən müharibələr olub, lakin müəyyən müddətdən sonra vaxtilə müharibə aparan ölkələr arasında münasibətlər bərpa olunub.

Qlobal miqyasda ən son nümunə İkinci Dünya müharibəsidir. Barışmayan düşmənlərin nəsli ortaq dil tapıb, başqa sözlə, keçmişi unudub. Və doğrudanmı Zelenskinin bundan xəbəri yoxdur? Əlbəttə, var. Amma bütün məsələ təcavüzkarın, təcavüzkar ölkə vətəndaşlarının əksəriyyətinin sinizmindədir. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra almanlar ayıldılar, faşizmin anti-insani olduğunu, uzun illər zombiləşdirildiklərini başa düşdülər. Almanlar tövbə etdilər.

Ancaq Rusiyadan belə bir addım gözləmək olmaz. Ən azından indilik. Amma... İnsan ehtimal edir, Yaradan isə qərar verir. Almanların tövbəsi üçün dişlərinə möhkəm bir zərbə vurmaq lazım idi. Kim bilir, bəlkə də, ruslar ciddi zərbə alandan sonra ayılacaqlar. Bax o zaman heç kim ərinə qonşu dövlətdə qadınları zorlamağı məsləhət görməyəcək.

Müəllif: Vüsal Əliyev