“Kommersant”: Ukrayna Slovakiya ilə qaz idxalının həcmini artırmaq barədə razılığa gəlib
Ukrayna 2014-cü ildən bəri ilk dəfə olaraq Avropa İttifaqından təbii qazın zəmanətli idxalı üçün öz imkanlarını artırıb. AYNA-nın xəbərinə görə, “Kommersant” qəzeti yazır ki, ölkə Slovakiyanın simasında Rusiyaya əvəzləyici tapıb.
Qeyd edilib ki, Ukrayna qaz nəqli sisteminin (OGTSU) operatoru və Slovakiyanın qaz ötürmə operatoru “Eustream” Slovakiyadan Ukraynaya qaz kəmərinin zəmanətli buraxılış qabiliyyətini təcili artırmaq barədə razılığa gəliblər. İki ölkə sərhədində yerləşən Budinitse məntəqəsindəki ötürmə tam olaraq (gündə 42 milyon kubmetr) təminatlı sayılacaq. Bundan əvvəl bu həcmin 15 milyon kubmetri fasiləli tutumlu idi.
Məlumatda vurğulanır ki, bu ilin yanvar ayı ərzində Ukrayna Budinitse məntəqəsindən 14,5 milyon kubmetr qaz alıb. Fevralın 3-də 4,9 milyon kubmetr tədarük nəzərdə tutulmuşdu.
Ukrayna Enerji Strategiyaları Fondunun həmsədri Dmitri Maruniç daha əvvəl demişdi ki, yüksək enerji qiymətləri iqtisadiyyata mənfi təsir göstərdiyi üçün Ukrayna "Qazprom" ilə birbaşa müqavilə bağlamalıdır.