Uğur perspektivli məğlubiyyət - Yenə də “Viktoriya”

İdman

24.08.2022 - 18:23

"Köhlənlər"ə uğurlar! Və yaxşı şans arzulayaq: həm püşkatmada, həm də meydanda. Şans heç zaman artıq artıq olmur

Cavab oyununda Çexiyanın “Viktoriya”sına 1:2 hesabı ilə uduzan (Bakıdakı görüş qolsuz bərabərliklə başa çatmışdı) “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmədi və indi də mübarizəni Avropa Liqasında davam etdirəcək. Təbii ki, azarkeşlər məyusdur, biz hələ futbolçuların özlərini demirik. 

Ağdamlılar Çempionlar Liqasının qrupuna düşə bildiyi 5 il əvvəlki tarixi uğurunu təkrarlamağa yaxın idi. Amma təəssüf ki, birinci hissədən sonra 1:0 hesabı ilə öndə olduğumuz matçı qələbə ilə başa vurmaq mümkün olmadı...

Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ”ın yolunda yenə “Viktoriya” ilə pley-offun gözlənildiyi məlum olanda, 2016-cı ildə bu duelin xeyrimizə bitmədiyi çoxlarının yadına düşdü. O zaman ağdamlıların ümumi uğuru üçün cəmi beş dəqiqə kifayət etmədi: çexlər hesabı bərabərləşdirdilər və Bakıda qonaq qolu sayəsində çempionumuzu turnirdən kənarlaşdırdılar. Biz qisas almaq istəyirdik. Amma heyif. Evdə qol vura bilməyərək, səfərdə uduzduq. Baxmayaraq ki, hər şey başqa cür ola bilərdi.

Arxa cəbhə etibarlı olmalıdır

Hesabı Ozobiç açdı və bununla da bizim ürəyimizdə və beynimizdə ən parlaq perspektivləri canlandırdı. Amma qələbəni saxlamaq mümkün olmadı. Qapıçımızın iki kobud səhvi və komandanın bütün zəhməti hədər getdi. 
Təbii ki, hər şeydə qapıçını günahlandırmaq düzgün olmazdı. Ancaq bu səviyyədə və intensivlikdə olan matçlarda bəzən hər şeyi həll edən yalnız bir kontrol olur - dünənki oyunda gördüyümüz kimi. 

Şahruddin Məhəmmədəliyev bizi təəccübləndirdimi? Əsla yox. İstər ölkədaxili çempionatda, istərsə də beynəlxalq görüşlərdə onun çıxışında buna bənzər hadisələr çox olub. Yayda gürcü qapıçı Quqeşaşvili “Qarabağ”ın sıralarına qoşulanda hamı rahat nəfəs aldı: yaxşı, nəhayət, indi arxa cəbhədən arxayın ola bilərik.

Amma Qurban Qurbanovun öz fikri var idi. Ağdam təmsilçisinin baş məşqçisi hesab edir ki, legioner hələ məsuliyyətli oyunlara yetişməyib və onu ölkə Premyer Liqasında oynadır. Beləliklə, yalnız özünü günahlandıra bilər.

Axı uzun illər toru inamla qoruyan həmin İbrahim Şehiç qapıda olsaydı, onun ifasında belə bir kuryozu çətin ki, müşahidə edə bilərdik. 

Avropa turnirlərində zirvələri fəth etməyi qarşısına məqsəd qoyan komanda bütün xətlərdə yaxşı təchiz olunmalıdır. Və daha çox etibarlı qapıçıya sahib olmalıdır. Hər kəs səhv edir, hətta öz sahəsində ən yaxşısı belə. Amma qapıçının etibarlılığı onun “seyv”ləri ilə deyil, daha çox taleyüklü səhvlərin nisbəti ilə müəyyən edilir. Şahruddin bir matçda komandanı bir-iki dəfə xilas edə bilər, hə. Ancaq qapıdan ən uğrusuz çıxışları və mənasız riskli hərəkətləri ilə dərhal etdiklərini unutdura da bilər. Ona görə də Qurbanov Məhəmmədəliyevə bütün simpatiyasına baxmayaraq, arxa cəbhəni gücləndirmək barədə ciddi düşünməlidir.

Problem təkcə Məhəmmədəliyevdə deyil

Amma artıq qeyd etdiyimiz kimi, bütün ölümcül günahlarda yalnız qolkiperi günahlandırmaq ədalətsizlik olardı. “Qarabağ”ın legionerlərinin fonunda yerli futbolçularımızın sadəcə depressiv göründüyünü etiraf etmək nə qədər üzücüdür. Səviyyə fərqi çox böyükdür. Baxmayaraq ki, Azərbaycan millisinin bir çox üzvləri bu gün “köhlən atlar”ın formasında oynayırlar. 

Qurbanov nə etməlidir? Komandanı yalnız əcnəbilərdən qurmalıdır? Fikirləşək: azərbaycanlı futbolçulardan hansı Ağdam komandasının oyununu xeyli gücləndirə bilərdi? Faktiki olaraq heç kim. Bəli, Mahir Əmrəlini (“Dinamo Zaqreb”), Namiq Ələsgərovu (“Sabah”), Emin Mahmudovu (“Neftçi”) unutmuruq. 

Amma düzünü desək, onlar vəziyyətin tələb etdiyi qədər güclüdürlərmi? Dəyməz. Və milli futbolumuz hələ də aqoniya içində, dəyərli çempionat olmadığı halda, futbol təsərrüfatımızda diletantlar hökm sürdüyü bir vaxtda “Qarabağ”ın bütün uğurlarını belə dəyərləndirəcəyik: bütün bu nöqsanlara baxmayaraq, müəyyən uğurlar qazana bilir.

Şans heç vaxt artıq olmur

Amma nə olursa olsun, bu Avropa mövsümündə keçdiyi yola görə “Qarabağ”a təşəkkür etmək kifayətdir. Zalım tale ağdamlılar üçün ən güclü rəqiblər seçdi.

Qurbanovun yetirmələri yolda Polşa, İsveçrə, Macarıstan çempionlarını bir-bir mübarizədən kənarlaşdırdı. Bunlar daxili çempionatların səviyyəsi bizdən qat-qat yüksək olan ölkələrdir. 

Bəli, rəqiblər daha yaxşı təchiz olunmuşdu. Bununla belə, ağdamlılar adını Avropa Liqasının qrup mərhələsinə yazdırdı. Necə deyərlər, xeyirlisi. “Qarabağ” Çempionlar Liqasının qrupunda olsaydı, böyük ehtimalla, çempionumuzun iştirakı ilə daha 6 matça şahidlik edəcəkdik: simpatiyamız nə qədər güclü olsa da, ağdamlılar obyektiv olaraq qrupdan çıxa bilməyəcəkdi. 

Amma Avropa Liqasında rəqiblər daha aşağı səviyyədə olacaq. Və kim bilir, püşkatma necə qərar verəcək. Və ola bilsin ki, “Qarabağ” bu il Azərbaycan klublarının Avropa turnirlərində əldə etdiyi ən yaxşı nəticəsini yeniləyə, mümkün qədər daha çox ayaqda qala bilər. Yaxşı, "Köhlənlər"ə uğurlar! 

Və yaxşı şans arzulayaq: həm püşkatmada, həm də meydanda. Şans heç zaman artıq artıq olmur.

Müəllif: Vüsal Əliyev