Bakıda daha bir əcnəbi idmançı xəstəxanaya yerləşdirilib

İdman

26.07.2019 - 11:39

Kliniki Tibbi Mərkəzə çatdırılan idmançıya lazımi tibbi yardım göstərilib

 

İyulun 25-də "Olimpiya Gənclər Festivalı 2019" çərçivəsində keçirilən yarışlarda növbətçilik çəkən Təcili Tibbi Yardım briqadalarına ümumilikdə 4 müraciət olub. Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, müraciət edənlərdən biri - 16 yaşlı danimarkalı idmançı sağ budun travması diaqnozu ilə Heydər Əliyev adına İdman Sarayından Kliniki Tibbi Mərkəzə (KTM) çatdırılıb: “İdmançıya lazımi yardım göstərilib. Digər 3 idmançıya yarış keçirilən zalda tibbi yardım göstərilib. İdmançılardan ikisi baş ağrısından, bir nəfər isə arterial təzyiqin artmasından şikayətçi olub”.

 

Xatırladaq ki, iyulun 23-də də "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi Yardım briqadalarına idmançılar tərəfindən 7 müraciət daxil olub. Müraciətlərdən 6-sı xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər. 15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yardım edildikdən sonra xəstəxanadan buraxılıb.

 

Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı 27 iyul tarixinə kimi davam edəcək.

Müəllif: Ayna.az