Üçüncü Dünya müharibəsinin siqnalı? – Ukrayna savaşı da belə başlamışdı

Dünya

29.06.2023 - 14:38

Elçin Xalidbəyli: “Ağ Ev artıq əvvəlki kimi dünya üzərində əzici avtoritetini qoruya bilmir”

Elxan Şahinoğlu: “ABŞ Çini Rusiya ilə əməkdaşlıqdan çəkindirmək istəyir, lakin buna nail olmur”

ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpini diktator adlandırıb. ABŞ dövlət katibi Entoni Blinkenin Pekin səfərinin başa çatmasından bir gün sonra çıxış edən Ağ Ev rəhbəri Çin liderinin hava şarı insidentindən narazı qaldığını deyib: “Si Cinpinin çox bədbəxt olmasının səbəbi onun bu şardan xəbəri olmaması idi. Diktatorlar nə baş verdiyini bilmədiyi zaman həqiqətən bundan xoşları gəlmir”.

Xatırladaq ki, ötən ilin əvvəlində Bayden Rusiya Prezidenti Vladimir Putini də diktator adlandırmışdı: “Vladimir Putin qatıl, ölümcül diktator və açıq-aşkar quldurdur”.

Onun bu açıqlamasına rəsmi Moskva sərt reaksiya verərək, ABŞ-ı okeanın o tayından dünyanı qarışdırmaqda ittiham etmişdi. Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidentini beynəlxalq hüquq normalarını pozmaqda və həddini aşmaqda günahlandımışdı. Baydenin məhz bu açıqlamasından sonra Rusiya Ukraynaya qarşı hücuma başladı.

Ötən ilin avqustunda dünyanın ABŞ-la Çin arasında nüvə müharibəsi həddinə çata biləcək hadisənin həyəcanı ilə çalxalanması, bir kiçik ada uğrunda dünya güclərinin üz-üzə gəlməsi bu iki dövlət arasında da münasibətlərin gərgin olmasından xəbər verir.

Bəs, Baydenin Rusiya-Ukrayna müharibəsi öncəsi Putini qatil və ölümcül diktator adlandırmasından sonra növbəti dəfə Çin lideri Si Cinpini diktatorluqda ittiham etməsi ABŞ iə Çin arasında müharibənin başlamasına hazırlıq kimi qiymətləndirilə bilərmi?

Politoloq Elçin Xalidbəyli AYNA-ya şərhində deyib ki, ABŞ ilə Çin arasında müharibənin fəsadları dağıdıcı olar: “Bu səbəbdən nə Amerikanın, nə də Çinin bu müharibəyə gedəcəyi inandırıcıdır. Çünki bu müharibə Ukrayna müharibəsi ilə müqayisə oluna bilməz. Hər iki ölkə nüvə dövləti olmaqla yanaşı, kifayət qədər müasir hərbi və iqtisadi resurslara sahibdir. Eyni zamanda, ABŞ və Çin iqtisadiyyatları da dünya iqtisadiyyatında həlledici paya malikdir. Və bu iki ölkənin iqtisadiyyatları əsasən savaş ehtiyaclarının ödənilməsinə indeksləşərsə, nəticələri dünyada qlobal aclıq, hətta dərin xaos kimi təzahür edə bilər”.

“Düzdür, onların arasında soyuq müharibə hökm sürür, ancaq bu, daha çox müxtəlif təzyiqlər formasında təzahür edir. “Tayvan böhranı” silahlı toqquşmalara yol açarsa, bəşəriyyət yeni qlobal savaşla üzləşə bilər. Üstəlik, belə savaş bütün dünya üçün daha dağıdıcı və faciəvi nəticələr vəd edir”, - deyə həmsöhbətimiz bildirib.

Analitik hesab edir ki, Ağ Ev artıq əvvəlki kimi dünya üzərində əzici avtoritetini qoruya bilmir: “Çinin sürətlə güclənməsi, ABŞ-da baş verən iqtisadi böhranın Pekinin xeyrinə işləməsi və bu kimi amillər qarşılıqlı zidiyyətləri dərinləşdirir. ABŞ əhəmiyyətli mövqeyini əldən vermək istəmir və həm Çinə, həm də Rusiyaya qarşı hücumlar bundan qaynaqlanır. Avropa ölkələri Rusiyaya qarşı embarqolarda yaxından iştirak edir. Bununla da Avropa İttifaqının iqtisadiyyatında önəmli rol oynayan Rusiya enerji resurslarının “qoca qitə”yə axını dayandırılıb. Faktiki olaraq Avropa İttifaqı süquta doğru irəliləyir və bu sırada Çinlə də münasibətlərin pisləşməsi İttifaqın “intiharı” olardı”.

“Böyük ehtimalla, əsas hədəf yalnız Rusiyanın deyil, həm də Avropa İttifaqının iqtisadi cəhətdən zəiflədilməsinə hesablanıb. Çünki Avropa İttifaqı Çinin əsas və ən zəngin iqtisadi-ticari partnyorudur. Əgər, Avropa İttifaqı çökərsə, Çin iqtisadiyyatının iflasa uğraması da sürətlənə bilər. Ona görə də Ukrayna savaşının məhz Çinin maliyyə-iqtisadi böhrana düçar edilməsinə qədər davam etdirilə biləcəyi istisna deyil”, - deyə Xalidbəyli fikrini yekunlaşdırıb.

Politoloq Elxan Şahinoğlu da AYNA-ya açıqlamasında qeyd edib ki, nə ABŞ, nə də Çin hərbi qarşıdurmada maraqlıdır: “Pekin iki ölkə arasındakı gərginliyi daha da artırmaq və əsas ticarət tərəfdaşlarından biri olan ABŞ-la körpüləri yandırmaq istəmir. Lakin reaksiyasız da qalmaq niyyətində deyil. Amerika ilə Çin arasında “əsəb müharibəsi” davam edir. Bunun hərbi qarşıdurma həddinə qədər gəlib çatacağı real deyil. Çünki bu, faktiki olaraq Üçüncü Dünya müharibəsinin başlanması olar. Ağ Ev Pekinlə təmaslarda xalq diplomatiyasının imkanlarından istifadə etməyə qərar verib”.

Siyasi şərhçinin sözlərinə görə, Vaşinqton Pekinlə fərqli formatlarda dialoq qurmağa çalışır: “ABŞ hazırkı siyasəti ilə yenidən Pekini Moskva ilə əməkdaşlıqdan çəkindirmək istəyir. Lakin buna nail olmur. Buna görə də rəmi Pekinə qarşı təzyiqləri artırır. Co Baydenin Çin lideri haqqında son bəyanatı da bundan qaynaqlanır”.

“Son dövrlər Qərb və anti-Qərb qüvvələri arasında qarşıdurma şiddətlənib və tərəflər bir-birinə qarşı sərt ritorikadan istifadə edirlər. ABŞ-ın dövlət katibi Entoni Blinkenin Çinə səfərindən sonra Prezident Baydenin məlum açıqlaması balanslı münasibətlərin hökm sürdüyündən xəbər verir. Amerika bir tərəfdən Çini yumşaltmağa çalışır, digər tərəfdən isə tənqid edir”, - deyə Şahinoğlu vurğulayıb.

Müəllif: Azər Niftiyev