Üç saatlıq azadlıq

Cəmiyyət

14.12.2020 - 23:19

Camaat düşünür ki...

 

Koronavirus (COVID-19) infeksiyasının ikinci dalğasının vüsət alması səbəbindən Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirildi və SMS-icazə sisteminə keçildi. Cari il dekabrın 14-dən gələn il yanvarın 18-dək ölkənin iri şəhərlərində və bir sıra rayonlarında bu tələb qüvvədə olacaq.

 

SMS-icazə sisteminin tətbiqi hansı sıxıntılar meydana çıxaracaq? AYNA sualı sosial şəbəkə istifadəçilərinə ünvanlayıb. Beləliklə:

 

Rauf Alagöz: “Onsuz da kifayət qədər problemin içindəyik. İslanmışın yağışdan nə qorxusu?!”.

 

Vahid Qasımov: “Problemlər çox olacaq. Məsələn:

- Ayrı yaşayan valideynlərimizə baş çəkmək və onların problemlərini həll etmək (müalicə və digər kömək);

- Evdəki texniki problemləri (kombinin, ya da başqa avadanlığın xarab olması) aradan qaldırmaq problemi;

- Su, qaz, işıq söndüyü zaman çəkilən əziyyətlər;

- İş və gəlir problemi (onlayn dərs mümkün olmayan tələbələrin itirilməsi);

- Bayramı bayram kimi keçirmək problemi (hədiyyə almaq)”.

 

Rafael Səlimov: “Mənim həyatımda heç bir problem yaranmayacaq. Həyat öz axarı ilə davam edəcək”.

 

Zaur Rəşidov: “Bir çox ailələrdə evdə köməkçi və ya dayə var. O insanlar necə olacaq? İcazə sisteminə daxil olaraq icazə almaqda çətinlik çəkirlər”.

 

Aqşin Kazımoğlu: “Maddi problemlər yenə artacaq. Pulu vaxtında verə bilməyəcəm, gəlib yenə işığı kəsəcəklər, mən də sosial şəbəkələrdə kəskin statuslar yazacam”.

 

Fərqanə Mehmanqızı: “İşlərimiz dayanır. Nitq və psixoloji reabilitasiya alan uşaqların müalicəsi dayanır və uşaqlarda geriləmə başlayacaq. Bu qədər çəkdiyimiz əziyyət heç olacaq. Karantindən sonra uşaqlar daha da ağırlaşmış vəziyyətdə qayıdacaqlar. Valideyinlərə həm maddi, həm mənəvi ziyan dəyəcək. Uşaqlar isə fiziki zərər çəkəcəklər. Biz mütəxəssislərin itkiləri isə başqa mövzudur”.

 

Abdul Kərimxanov: “SMS icazə sisteminin həm mənfi, həm də müsbət tərəfləri var. Mənfi cəhəti ondan ibarətdir ki, vətəndaş istədiyi yerə yalnız 3 saat ərzində gedə biləcək. Müsbət cəhəti isə odur ki, bununla əlaqədar avtobuslarda sıxlıq aradan qalxacaq və sosial məsafə gözləmək qismən də olsa, mümkün olacaq”.

 

Tərxan Paşazadə: “Virusa yoluxmasaq və ya başqa xəstəliklərə düçar olmasaq, hər hansı ciddi problem olacağını düşünmürəm”.

 

Ülviyyə Quliyeva: “Əhmədlidə SMS-ə baxan yoxdur. Hər kəs öz işindədir”.

 

Savalan Talıblı: “Koronavirus Azərbaycanda yayılan gündən problemlərim səngimir”.

Müəllif: Təranə Xudabaxşiyeva