Türkiyə-Uels matçını portuqaliyalı referi idarə edəcək

İdman

14.06.2021 - 14:38

Diaşa həmyerliləri Rui Taveres və Paulu Soareş kömək edəcək

 

Futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə-Uels oyunu idarə edəcək hakimlər briqadasının tərkibi açıqlanıb.

 

AYNA xəbər verir ki, qarşılaşmanın baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Ona həmyerliləri Rui Taveres və Paulu Soareş kömək edəcək. Dördüncü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək. Videonəzarət sistemi (VAR) üzrə hakim isə portuqaliyalı Joau Pineyro olacaq.

 

Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq.

 

Xatırladaq ki, Türkiyə millisi çempionatın açılış matçında Romada İtaliya yığmasına 0:3 hesabı ilə uduzub. Uels seçməsi isə Bakı Olimpiya Stadionunda İsveçrə yığması ilə heç-heçə edib – 1:1.

 

Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.

 

“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Müəllif: Ayna.az