Türkiyə MİDLAS şaquli raket buraxılış sistemini uğurla sınaqdan keçirib - VİDEO

Dünya

04.12.2022 - 17:22

“MIDLAS sistemi İstanbul freqatına inteqrasiya olunacaq və Türkiyə Hərbi Dəniz Qüvvələrində xidmətə girəcək"

Türkiyədə yerli şaquli buraxılış sistemi MIDLAS uğurla sınaqdan keçirilib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir sosial şəbəkə hesabında yazıb.

Atış Türkiyə istehsalı olan HİSAR zenit-raket kompleksi (SAM) tərəfindən həyata keçirilib.

Şöbə rəisi qeyd edib ki, türk tərtibatçıları gəmilərdən atəş açacaq hava hücumundan müdafiə sistemlərinin əsasını qoyublar.

"2023-cü ildə MIDLAS sistemi İstanbul freqatına inteqrasiya olunacaq və Türkiyə Hərbi Dəniz Qüvvələrində xidmətə girəcək", Dəmir vurğulayıb.

İdarə rəisi hava hücumundan müdafiə sisteminin sınaqdan keçirilməsi, o cümlədən raketin uğurla buraxılması ilə bağlı kadrları da paylaşıb.

Eyni videonu Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkədəki səhifəsində yerləşdirib.

“MIDLAS şaquli buraxılış sistemi Türkiyənin dəniz platformaları sahəsində idxaldan asılılığına son qoyacaq. MIDLAS sisteminin inkişafında əməyi olan hər kəsi təbrik edir, uğurlarınızın davamlı olmasını arzulayırıq”, - nazirliyin məlumatında qeyd edilib.

Müəllif: Ayna.az