Toxun acdan xəbəri olmaz: “Hökumət düşünür ki, səs çıxaran yoxdursa, hər şey yaxşıdır”

Cəmiyyət

06.02.2021 - 15:39

“Bu artıma nə ehtiyac vardı?!” - Vətəndaşlar Tarif Şurasının qərarına etiraz edirlər

 

Məlum olduğu kimi, Tarif Şurasının qərarı ilə ölkədə suyun qiyməti iki dəfə bahalaşdı. 1 kub metr suyun qiyməti, ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri üçün 0.35 AZN-dən 0.7 AZN-ə, digər inzibati ərazi vahidləri üzrə 0.3 AZN-dən 0.6 AZN-ə qaldırıldı.

 

Suyun lüks deyil, zəruri tələbat məhsulları kateqoriyasına aid olması, bahalaşmanın birbaşa ailə büdcəsində xərcləri artıracağına əsas verir. Vətəndaşlar bu haqda nə düşünürlər? AYNA sosial şəbəkə istifadəçilərinin fikirlərinə müraciət edib. Beləliklə:

 

Röyal Tağızadə: “Tutaq ki, əvvəl 10 manat ödəyirdik, indi 20 manat ödəməli olacağıq. Bu, heç də yaxşı bir amil deyil”.

 

Etibar Süleymanlı: “Su tükənən sərvətdir. Sudan istifadə edən insanların əksəriyyəti hədsiz israfçılığa yol verir. Bir gün su tükənə bilər. Ona görə insanlar, bəlkə də qiymət artımından sonra sudan daha qənaətlə istifadə edərlər”.

 

Ağa Dadaşzadə: “Her şey qalxacaq, dünənə kimi inanmırdım. Bakı 1990-cı illərə dönür. Kasıblıq səviyyəsi artacaq”.

 

Azər Osmanov: “Büdcəni əhalidən alınan pulla dolduracaqlar. Bir azdan qaz da qalxacaq”.

 

Hidayət HD: “Yavaş-yavaş qaldırırlar. Hökuməti hələlik xalqın nəbzini yoxlayır. Deyəsən, xalq da qiymət artımından razıdır, heç səs çıxaran olmadı, etiraz da edən olmadı. Hökumət də düşünür ki, narazılıq yoxdursa, niyə də qazla işığın qiyməti qalxmasın?!”.

 

Turab Rzayev: “Ərzaq məhsulları, növündən asılı olaraq 10-60% bahalaşıb. Xüsusilə, bitki yağı, şəkər və un. Qaz qalxmalıdır, SOCAR-ın büdcəsi 68% daxili bazardan formalaşır. Və bu il xərcləri artıb, gəliri azaldıb. Benzin, dizel artışı bəs etməyəcək, qaz artmalıdır. Növbəti mərhələdə işıq, ən axırıncı qaz artacaq”.

 

Emin Xuduyev: “Bu, heç yaxşı gedişat deyil”.

 

Zivər Hüseynli Baylan: “Marketlərdə hər heftə olmasa da, 2 həftədən bir artımlar nəzərə çarpır. Hamısı olacaq. Azərbaycan xalqı dözümlü xalqdır”.

 

Gülü Məmmədova: “Pandemiya onsuz da millətin axırına çıxıb, bu artıma nə ehtiyac var idi ki? Allah bundan sonramızı xeyirli eləsin”.

 

Hüseyn Əliyev: “Cibimiz var ki, uyğunluğunu da analiz edək?”.

 

Zülfiyyə Dadaşova: “Tarif Şurasının cibimizdən xəbəri olsaydı, bu addımı atmazdı”.

Müəllif: Ülviyyə Şahin