“Topçu”nu niyə topa tutdunuz – <font color=red> AXI NİYƏ?!</font>

Maraqlı

07.12.2020 - 10:16

Qəhrəmanlıq rəmzi olan bir həmyerlimizin şəkli araq şüşəsinin üzərində ola bilməz ki?

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Hələlik, sona çatan İkinci Qarabağ savaşının eyforiyasını yaşamaqdayıq. Hamımız qələbəmizə sevinir, itkilərimizə kədərlənirik. Bu müharibə çox şey öyrətdi bizə: dostu düşməndən ayırdıq, təxribatlara uymamaq dərsi keçdik və ən əsası, anladıq ki, Vətənin hər bir parçası Azərbaycanın müxtəlif bölgələrindən olan oğullar üçün elə öz kəndi, öz şəhəri, öz məhəlləsidir – yəni, Azərbaycandır.

 

Bu müharibə sosial şəbəkələrdə də geniş müzakirə olunmağa başladı. Bu virtual çayxanada işimizə görə gündəlik olaraq daxil olmağa və “bir çaynik çay sifariş verib”, insanların nə dediyinə qulaq verməyə məhkumuq. Çayxanada da ki, bilirisiz də, müxtəlif əqli, intellekti, tərbiyəsi, dünya görüşü olan insanlar yığışırlar. Ağıllı söhbətlər və müzakirələrlə yanaşı, bəzən elə söhbətlər, elə cəfəng mövzular qaldırılır ki, adam az qalır, durub yerindən qışdırsın ki, “a kişi, sənin başına iş qəhətdir, burda nə var ki?” Amma, bu məqamda durub yerindən bütün kütlənin dediyi sözün əleyhinə də söz demək olmur: çayxanadakılar başlayır ya səni xorla söyməyə, ya da... bir qrup isə heç fikrini axıra qədər dinləmədən, az qalırlar qalxıb səni linç etsinlər.

 

Müsəlmanın o günü “çayxanada” yeni və çox aktual bir mövzu tapılmışdı. Deməli, “AzQranata” şirkəti, müharibə zamanı iş başındakı şəkli ilə məhşurlaşan artilleriyaçımız, Xaçmaz rayon sakini Vüsal Şahkərəmovun məlum əksini araq butulkasının üstünə vuraraq, yeni adlı məhsul - “Topçu” arağı buraxır. Müzakirələr başladı, nə başladı. Biri dedi ki, “bu, düz deyil”, amma səsbəini izah etmədi, digəri (çox güman ki, dindar qardaşlarımızdan idi) dedi ki, “bu müqəddəs müharibədə qəhrəman olan insanın şəklini arağın üzərinə vurmazlar”, üçüncüsü dedi ki, “xaricdə belə addıma görə şəkil yiyəsindən icazə və reklamda istifadəyə görə pul da alınır”.

Düzdür, mənim kimi bir neçəsi də vardı ki, bütün bu olmazların səbəbini başa düşmədiyini söyləmək istədi, amma kütlə onlara elə göz ağartdı ki, deyilənlərlə razılaşmasalar belə, sadəcə, susmağa üstünlük verdilər. O qədər hay-küy qalxdı ki, hətta, “AzQranata” buna münasibət bildirməyə məcbur oldu. Dedi ki, “vallah-billah, kişinin dədəsindən icazə alıb buraxmışıq bu məhsulu”. Ancaq yenə də sakitləşmədilər. Ta o vaxta qədər ki, şirkət məhsulunu rəflərdən yığışdırdı. Bu hadisə də Vüsalın atası İslam Şahkərimovun növbəti açıqlamasından sonra baş verdi.

 

Əsgərin atası İslam Şahkərəmov bu barədə ölkə.Az-a bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: “Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, “Vüsal özü bu məsələyə nə deyir, əsas odur”. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm”.

 

Bəri başdan deyim ki, Dionis və Baxusun dünyasından uzaq adamam, həm də “AzQranata” şirkətinin rəhbərliyindən də heç kimi tanımıram və tanımağa da cəhd göstərmirəm. Elə bu müharibənin də dini baxımdan müqəddəs müharibə olması fikri ilə razı deyiləm – axı bu, müsəlman və xristianların din uğrunda müharibəsi yox, torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi idi. Hansında ki, Vətənin dinindən, irqindən, millətindən aslı olmayaraq, bütün övladları iştirak edirdi.

 

Və 100% əminəm ki, Vüsalın atası İslam kişi də şəklin yığışdırılması qərarını elə “çayxanada” yığışanlarım hay-küyünə görə edib. Yoxsa burda nə var ki?!

 

Yaxın ətrafımıza nəzər salaq. Keçmiş SSRİ ölkələrindən Rusiya, Ukrayna, Belarusda və ya Avropa ölkələrində buraxılan spirtli içkilərin adlarına baxaq: “Çaykovski”, “Lenin”, “Stalin”, “Putin”, “Nikolay II”, “Aleksandr I”, “Admiral Nelson”, “Napoleon”, “Kutuzov”, Qaqarin və s.

 

Bu adların bizə dəxli yoxdur deyənlər üçün: “Sərkərdə”, “Babək”, “Şah İsmayıl”, “Nizami”, “Qarabağ”, “Şuşa”, “Şah”, “Xan” və s. araq, konyak və çaxır adlarını internetdən tapa bilərsiz.

 

Hərbi peşələrə uyğun: “Tankovaya”, “Qvardeyskaya”, “Komandir”, “Eskadra” və s.

 

Yəni, internetdə apardığım, təxminən yarım saatlıq axtarış nəticəsində mən bunları tapdım. Bu adların içkilərə qoyulmasının pis və yaxşı olması barədə bir şey deyə bilmərəm. Elə “AzQranata”nın etdiyi də bir PR addım idi. Amma nəzərə alsaq ki, adətən spirtli içki şüşələrinin etiketindən bizə baxan insanlar öz dövlətləri üçün nəsə böyük bir iş görən insanlardır, onda “Topçu” arağında qəhrəmanlıq rəmzi olan bir həmyerlimizin şəkli niyə ola bilməz? Axı niyə?!

 

O ki, qaldı millətin vuruşan övladlarına hörmətə, İnşəallah, hamısı qayıtsın və onlara göstərilən qayğı və yaradılan şərait sevginin ən böyük göstəricisi olacaq...

Müəllif: Yoldaş Mircəfər