Tofiq Qasımov vəfat edib

Xəbərlər

29.01.2020 - 11:05

Həkimlər Klinikalar SEO Xidməti

Sabiq Xarici İşlər naziri İsveçrədə dünyasını dəyişib

 

Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Qasımov vəfat edib. AYNA xəbər verir ki, bu barədə Bütöv Azərbaycan Birliyi (BAB) Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli məlumat paylaşıb.

 

O, Xalq Hərəkatının önəmli simalarından olan, AXC-Müsavat hakimiyyəti dövrünün Xarici İşlər naziri olmuş Tofiq Qasımovun İsveçrədə dünyasını dəyişdiyini bildirib: "Ölkəm adına üzüldüm... Allah rəhmət eləsin".

 

Qeyd edək ki, Tofiq Qasımov 10 aprel 1938-ci ildə Qazax (indiki Ağstafa) rayonunda olub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika institutuna işə göndərilib. Leninqrad şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.

 

1987-ci ildən isə siyasətlə məşğul olub. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biri olub. 1988-ci ilin mart-may aylarında Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak edib. 1989-1990-cı illərdən Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub.

 

Azərbaycan SSRİ xalq deputatı seçilib, Azərbaycan SSR Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak edib. Həmin sessiyada Sovet Ordusu və Daxili Qoşunlarının Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilib.

 

1992-ci ilin may ayında Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə çalışıb. Bir çox dövlətlərdə keçirilən beynəlxalq konfranslarda, beynəlxalq təşkilatların toplantılarında Azərbaycanı təmsil edib.

 

Uzun müddətdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş