Tiflisdə mitinqdə jurnalist döyülüb

Dünya

29.11.2024 - 23:07

Həkimlər Klinikalar SEO Xidməti

“Formula” telekanalının əməkdaşı fiziki təzyiqə məruz qalıb

Jurnalist, “Formula” telekanalının teleaparıcısı Quram Roqava Tiflisin Rustaveli prospektində keçirilən aksiyanın dağıdılması zamanı döyülüb.

AYNA gürcü mediasına istinadən bildirir ki, Roqavanın başı zədələnib, ağzından, burnundan qan gəlib.

Bildirilir ki, jurnalist xüsusi təyinatlılar tərəfindən fiziki təzyiqə məruz qalıb.

“Formula” hərbi geyimdə olan bir şəxsin yerdə uzanıqlı qalan jurnalistin yanından qaçdığını əks etdirən kadrları nümayiş etdirib.

Daha sonra “Azadlıq” radiosunun Gürcüstan xidməti jurnalistə hücum anını aydın göstərən kadrlar yayıb.

Ehtimallara görə, hücum Roqava və onun operatoru nümayişçinin növbəti vəhşicəsinə həbsini lentə alarkən baş verib.

Jurnalistə ilkin yardım göstərilib, o, hazırda xəstəxanadadır.

Gürcüstanın Daxili İşlər Nazirliyi baş verənlərlə bağlı hələlik şərh verməyib.

“Publika.ge” xəbər verir ki, aksiyalar zamanı polisin hərəkətləri nəticəsində müxtəlif kütləvi informasiya vasitələrinin 15-ə qədər əməkdaşı xəsarət alıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili zorakılıq faktlarına reaksiya verərək deyib ki, o, “qeyri-mütənasib güc tətbiq edilən gürcü kütləvi informasiya vasitələrinin tərəfindədir”.

Qeyd edək ki, bu gün yenidən parlament seçkilərinin keçirilməsini tələb edən gürcü müxalifəti Tiflisin mərkəzində etiraz aksiyaları keçiriblər. 

Müəllif: Ayna.az