Tiflis məhkəməsi QHT və müxalifətin bütün iddialarını rədd edib

Dünya

14.11.2024 - 14:41

Həkimlər Klinikalar SEO Xidməti

13 saat davam edən iclasdan sonra hakim İveri Abaşidze heç bir iddianı təmin etməyib

Tiflis Şəhər Məhkəməsi Gürcüstanın qeyri-hökumət təşkilatları və müxalifətinin parlament seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı iddialarını təmin etməyib.

AYNA gürcü mediasına istinadən bildirir ki, söhbət 11 iddiadan gedir. Müraciət edənlər “Birlik – Milli Hərəkat” və “Güclü Gürcüstan” koalisiyaları, həmçinin “Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”dır. İddia qaldırılan şəxs Gürcüstanın Mərkəzi Seçki Komissiyası olub.

İddiaçılar dairə seçki komissiyalarının yekun protokollarının etibarsız sayılmasını tələb ediblər. Onlar hesab edirlər ki, səsvermənin gizliliyi şəffaf bülletenlərə görə pozulub. Elektron seçki qutusu bülleteni zərfin çərçivəsindən götürəndə arxa tərəfdə marker işarələri görünüb və yaxınlıqdakılar vətəndaşın kimə səs verdiyi asanlıqla təxmin edilərdi.

Bundan əlavə, müxalifət iddia edir ki, seçki günü seçki administrasiyası avadanlıq təchizatçısı “Smartmatic” şirkətinin brend markalarını “brend olmayan”larla əvəz edib. Güman edilir ki, bu səbəbdən qara dairə arxa tərəfdən görünürdü. MSK bu məlumatın “tam yalan və ictimaiyyəti çaşdırmaq məqsədi daşıdığını” bildirib. Komissiya iddia edir ki, saytlarda yalnız “Smartmatic” tərəfindən verilən markerlərdən istifadə olunub.

13 saat davam edən iclasdan sonra hakim İveri Abaşidze heç bir iddianı təmin etməyib. O, bütün şikayətləri əsassız hesab edib.

Qeyd edək ki, ötən həftə Tidlis və Kutaisi apellyasiya məhkəmələri QHT-lərin və müxalifətin seçki məntəqələrinin yekun protokollarının etibarsız sayılması ilə bağlı iddialarını təmin etməyib. Seçkilərin nəticələrinə məhkəmədə etiraz etmək üçün son fürsət MSK-nın yekun protokolundan şikayət edildikdən sonra yaranacaq. Qanuna görə, MSK noyabrın 21-dən gec olmayaraq seçkilərin yekun nəticələrini elan etməlidir.

Müəllif: Ayna.az