Armen Qriqoryan: “2016-cı ilin Aprel əməliyyatları o vaxtkı Ermənistan Prezidentinin vədlərinə görə dayandı”
“2016-cı ilin Aprel əməliyyatları o vaxtkı Ermənistan Prezidenti Serj Sarkisyanın Azərbaycanı qane edən, icrası üçün özündə cədvəl ehtiva edən vədlərindən sonra dayandırıldı. Sarkisyan qrafik verdiyinə görə Azərbaycan döyüş əməliyyatlarını dayandırmağa razı oldu”.
AYNA erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Qriqoryan bəyan edib ki, Aprel əməliyyatları Ermənistan tərəfinin verdiyi vədlər üzündən dayandırılmışdı: “Sarkisyan Bakıya cədvəl vədi vermişdi, həmin ilin yayında cədvəldə göstərilənlər icra olunacaqdı. Amma yay aylarında İrəvanda silahlı bir qrup tərəfindən Polis Patrul Xidmətinin bir alayı girov götürüldü. Xatırlayın, "Sasna Tsrer"i. Bundan istifadə edən Serj Sarkisyan vədlərinin icrasını 2017-ci ilin aprelinə qədər təxirə saldı”.
“Bu adam çoxsaylı vədlər verərək, Ermənistan üçün belə böyük yük yaratdı. Vəzifədən qovuldu, yük Ermənistana qaldı. İndi deyir ki, belə edərdim, elə edərdim... Bu arada, açıq şəkildə bildirirəm ki, verdiyi vədlərə görə, qəbul etdiklərinə görə ciddi problemlərlə qarşılaşdıq”, - Qriqoryan əlavə edib.
Sarkisyanın Aprel müharibəsindən sonra Azərbaycana nə vəd etdiyi sualına isə Təhlükəsizlik Şurasının katibi belə cavab verib: “Yəqin ki, Sarkisyan bu barədə daha dəqiq danışa bilər. Bu vəd ərazilərin qaytarılması idimi - Serj daha dəqiq deyə bilər”.