Teatr rəhbəri: “Hələ sponsorumuz yoxdur”

Mədəniyyət

01.01.2020 - 15:00

Tərlan Rəsulov: “Maliyyə mənbəyinin tapılması həmişə problemdir”

 

Azərbaycanın tanınmış teatr xadimi, uzun illər YUĞ Teatrının direktoru olmuş Tərlan Rəsulov AYNA-ya müsahibəsində yaradıcılıq planları və müasir teatrımızın vəziyyəti barədə danışıb:

 

- Uzun müddət YUĞ Teatrının direktoru vəzifəsində çalışdınız. Daha sonra isə yeni teatr yaratmaq fikrinə düşdünüz. Buna səbəb nə oldu?

 

- Mən öz teatrımın, öz üslubumun yaradılması haqda 2016-cı ildən fikirləşirdim və 2017-ci ildə nəyi, necə etmək barədə qəti və tam qərara gəldim. DOM Teatrı YUĞ-un davamı deyil, özünəməxsus üslubu, yanaşması olan teatrdır. O, hələ ilk addımlarını uğurla atır. DOM Teatrı bu qısa zaman kəsiyində artıq bir neçə layihəyə imza da atıb.

 

- Niyə teatra “dOM” adını verdiniz?

 

- Bu söz 3 sözdən – “With”, “Out” və “Play” sözlərindən yarandı. Bu sözlər birləşəndə "oyunla, tamaşa ilə, pyeslə", həm "oyundan, tamaşadan, pyesdən kənar", həm də "oyunsuz, tamaşasız, pyessiz" mənaları yaranır. Həmin “With”, “Out” və “Play söz birləşməsinin baş hərflərini ardıcıl yazanda WOP abbreviaturası yarandı. Onu 180 dərəcə çevirəndə DOM sözü alındı. Bu da latın dilində (domus), yəni ev deməkdir.

 

- DOM kollektivi olaraq hansı uğurları qazanmısınız?

 

- Sonuncu dəfə “Tuğanlıq” Türkdilli Xalqların Beynəlxalq Teatr Festivalında müsiflər heyətinin xüsusi mükafatına layiq görüldük. Onu da qeyd etməliyəm ki, Başqırdıstanın Ufa şəhərində keçirilirən beynəlxalq festivala getmək üçün yol xərclərini Mədəniyyət Nazirliyi öz öhdəsinə götürmüşdü.

 

- Mədəniyyət Nazirliyi DOM-u dəstəkləyirsə, teatrınız Nazirliyin tabeçiliyinə keçə bilər?

 

- Bu məsələnin hansı formada həll olunacağı yalnız zamanın ixtiyarındadır. Əgər buna ehtiyac yaranacaqsa, demək, həll olunacaq. Hələ ki, gündəmdə belə məsələ yoxdur.

 

- Binanız var?

 

- Bizdə hələ ki, binaya ehtiyac yaranmayıb. Maliyyə mənbəyinin tapılması həmişə problemdir, lakin ən vacibi deyil. Ondan vacibi yaradıcılıq məsələlərinin həll olunmasıdır.

 

- Bəs teatr üçün ən vacibi nədir?

 

- Teatr üçün ən vacib məsələ onun bir tamaşa hazırlayan müəssisə kimi deyil, dünya və milli teatr prosesində rolunun təyinidir.

 

- Amma DOM-un kollektivinə baxanda görürük ki, köhnə YUĞ-çular əhatənizdədir.

 

- Gəlin YUĞ haqqında danışmayaq. Mənim ətrafımda sənətdə təcrübəsi olan və olmayan, teatra olan baxışlarını mənimlə bölüşən insanlar var. Daha doğrusu, mənim baxışlarımı bölüşənlərdir.

 

- Bu gün teatrların vəziyyətindən razısınız?

 

- Mən hamısının əvəzinə heç nə deyə bilmərəm. Bir də özümü bir növ tamaşaçı adlandırmaqda çətinlik çəkirəm. Amma onu deyə bilərəm ki, Azərbaycanda həm dövlət, həm də özəl teatrlar bütün tamaşaçı seqmentlərini və zövq spektrini əhatə edə bilib. Yəqin ki, bundan da artıq teatr kollektivləri yaranmalıdır, lakin onların hər hansı bir vəziyyətdə olması nəinki maliyyə, həmçinin yaradıcılıq cəhətdən yaranan problemlərlə bağlıdır.

 

- Bəzi teatrlara sponsorlar kömək edir. Sizə belə yardım olub?

 

- Təəssüf ki, hələ belə bir yardım olmayıb. Amma ümidimizi itirmirik. Düşünürəm ki, özümüz də bu istiqamətdə xeyli iş görməliyik. Cəmi iki ildir fəaliyyət göstəririk. Yəqin ki, potensial sponsorlar üçün bu, hələ kifayət qədər tutarlı əsas deyil.

Müəllif: Təranə Xudabaxşiyeva