Tbilisidə etiraz aksiyaları bu gün də davam edəcək - Qanunun ləğvi tələb olunur

Dünya

09.03.2023 - 17:00

Həkimlər Klinikalar SEO Xidməti

Samirə Bayramova: "Aksiyada həmçinin iki gün ərzində qanunsuz həbs edilən fəalların azad edilməsi tələb olunacaq"

Gürcüstan Parlamentinin qarşısında etiraz aksiyaları bu gün də davam edəcək. Bu barədə AYNA-ya Gürcüstanda yaşayan azərbaycanlı ictimai fəal Samirə Bayramova deyib. 

Fəal bildirib ki, bu gün saat 6-dan etibarən etirazçılar Gürcüstan Parlamentinin binası qarşısına toplaşacaqlar və dinc etiraz aksiyalarını keçiriləcək. 

Onun sözlərinə görə, aksiyaçıların tələbi "Xarici agent haqqında" qanunun Venesiya Komissiyasından geri çağırılmasıdır: "Biz tələb edirik ki, qanun geri çağırılsın, yenidən Gürcüstan Parlamentində müzakirəyə çıxarılsın və əvvəlki səsvermənin nəticələri ləğv edilsin. Bu baş verməyənədək aksiyalarımızı davam etdirməkdə israrlıyıq". 

"Bu gün aksiyada həmçinin iki gün ərzində qanunsuz həbs edilən fəalların azad edilməsi tələb olunacaq", - deyə Bayramova bildirib. 

Qeyd edək ki, Gürcüstan Parlamentinin "Xarici agent haqqında" qanunu qəbul etməsindən sonra bundan narazı olan ictimai-siyasi fəallar Tbilisidə qanunverici orqanın binası qarşısında aksiyalar keçirməyə başlayıblar. Etiraz aksiyalarında vətəndaş cəmiyyəti nümayəndələri, müxalif siyasi partiyaların fəalları iştirak edirlər. 

Ötən gün etiraz aksiyasını dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Onlarla etirazçının həbs olunduğu barədə məlumatlar var. Polislə toqquşma zamanı xəsarət alanların olduğu bildirilir. 

Aksiyaçıların tələbini yerinə yetirdiyini bildirən hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının səlahiyyətliləri etiraza səbəb olan qanunun baxılması üçün Venesiya Komissiyasına göndərildiyini açıqlayıb. Amma etirazçılar bununla razılaşmır, Komissiyaya qanunun baxılması üçün göndərilməsini hakimiyyətin aldadıcı üsulu olduğunu bildirir, ümumiyyətlə, qanunun ləğvini tələb edirlər. 

Müəllif: Turan Abdulla