“Tarixi şərait yetişib: işğal altındakı kəndləri geri almalıyıq”

Siyasət

20.06.2023 - 10:18

Deputat: “Azərbaycan öz ərazilərinin işğalı faktı ilə barışmayıb və barışmayacaq”

Politoloq: “SSRİ dövründə Qazağın kəndləri Ermənistana peşkəş olundu”

44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərdən sonra əsas diqqət Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, Zəngəzur dəhlizinin açılmasına, azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına, Qarabağın erməni əhalisinin digər Azərbaycan vətəndaşları kimi bərabər hüquqlar altında yaşamasına, bununla da tarixi ədavətin başa çatmasına yönəlib. Məhz bu tarixi qələbədən sonra Qarabağ münaqişəsi başa çatıb və Prezident İlham Əliyevin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

Sülh sazişi layihəsi müxtəlif siyasi mərkəzlərdə - Rusiya, ABŞ və Avropada müzakirə olunur və sülhyaratma prosesinin fayda verəcəyi, nəticədə bu tarixi sazişin imzalanacağı gözlənilir. Azərbaycanın sülh prosesinə sadiq olduğunu dəfələrlə ən yüksək rəsmi səviyyədə bəyan etməsi, Ermənistanın Baş naziri Nikol Paşinyanın bununla bağlı açıqlamaları, Ermənistan ictimaiyyətinin tarixi Zəfərin nəticələri ilə barışmasını nümayiş etdirən davranışları bu tarixi prosesin elə də uzaqda olmadığını söyləməyə əsas yaradır.

Azərbaycan ictimaiyyətini düşündürən əsas mövzulardan biri də işğal altında olan kəndlərimizin gələcək taleyi ilə bağlıdır. Qazax rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndlərinin, eləcə də işğal altındakı digər ərazilərimizin taleyi, imzalanması gözlənilən sülh sazişində bununla bağlı müddəaların yer alması ciddi müzakirə mövzusudur.

YAP-çı deputat Məşhur Məmmədov mövzuya dair AYNA-ya açıqlamasında torpaqlarımızın işğaldan azad olunmasını tarixi hadisə kimi dəyərləndirib: “Cənab Prezident İlham Əliyev praqmatik, rasional siyasət yürüdür və məhz bu siyasətin nəticəsində torpaqlarımız işğaldan azad olundu. Ermənistan iqtidarı “dənizdən-dənizə böyük Ermənistan” kimi utopik ideyalarla öz əhalisini “yemləyəndə” Azərbaycan iqtisadi və hərbi qüdrətini artırır, regionun lider dövləti olaraq inamla irəliləyirdi. Nəticədə ermənilər saxta və utopik ideyaların qurbanı oldular. Bir gün anladılar ki, illərdir onların beyninə yeridilən məzmunsuz təbliğat saxta imiş”.

“Cəmi 44 gün ərzində Azərbaycan öz toprpaqlarını işğaldan azad etdi. Müzəffər Ali Baş Komandanın qətiyyəti, şəhid və qazilərimizin canı-qanı, rəşadətli Azərbaycan Ordusunun şücayəti nəticəsində tarixi Zəfər qazandıq. Regionda yeni tarixi reallıq yarandı. Şuşada, Cıdır düzündə rəqs edən paşinyanlar, habelə illərdir işğalçılıq siyasətinə rəhbərlik etmiş köçəryanlar, sərkisyanlar bu reallıqla barışmalı oldular”, - deyə həmsöhbətimiz bildirib.

O, erməni əhalinin əfsanələrdən bezdiyini də söyləyib: “Baxmayaraq ki, Paşinyan məğlub ölkənin başçısıydı, erməni seçicilər yenidən ona etimad göstərdilər. Bu, o deməkdir ki, ermənilər saxta nağıllardan və əfsanələrdən yorulublar. Artıq regionda sabitlikdən, sülhdən yanadırlar və yenidən müharibə istəmirlər. Paşinyan da bu reallığı qəbul edir və onun sülhyaratma prosesi ilə bağlı ziddiyyətli bəyanatları bunun bariz nümunəsidir. Bir tərəfdən əzələ nümayiş etdirir, digər tərəfdən isə reallığı qəbul edir. Çünki Ermənistanda hər kəs, eləcə də bu ölkənin hərbi-siyasi rəhbərliyi Qarabağ münaqişəsinin başa çatdığının fərqindədir”.

Məmmədovun sözlərinə görə, Azərbaycan öz ərazilərinin işğalı faktı ilə barışmayıb və barışmayacaq da: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bir daha bütün dünyaya nümayiş etdirdi ki, Qarabağ münaqişəsi başa çatıb. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, biz ərazilərimizin işğal olunması faktı ilə barışmayacağıq. Hazırda bir sıra kəndlərimiz Ermənistanın işğalı altındadır. Dağlıq Qarabağdan 100 kilometrlərlə uzaqda yerləşən Qazax rayonunun kəndləri də 1990-cı illərin əvvəlindən erməni işğalçılarının silahlı hücumlarına məruz qalırdı. Həmin dövrdə Sovet hökumətinin qərarına əsasən Qazax rayonunda olan bütün silahlar əhalinin əlindən alındı. Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda silahların kütləvi şəkildə yığılması nəticəsində yerli əhali silahlı düşmən qarşısında əliyalın vəziyyətdə qaldı. SSRİ rəhbərliyi yerli azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törədəcəyi soyqırımına ideal şərait yaratdı. Heç şübhəsiz, 44 gün ərzində tarixi zəfərə imza atan və regionda yeni reallıqlara imza atan ölkəmiz işğal altında olan bütün ərazilərimizi, kəndlərimizi də azad edəcək”.

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı AYNA-ya şərhində qeyd edib ki, əgər yekun sülh müqaviləsindən danışırıqsa, anklavların yerləşdiyi geostrateji bölgə, tarixi, siyasi, hüquqi, iqtisadi aspektlər ciddi araşdırılmalı və buna uyğun qərarlar qəbul olunmalıdır: “10 noyabr anlaşmasından sonra Qazağın yeddi kəndinin də gündəmdə olduğu deyilirdi. Lakin açıq söyləmək lazımdır lazımdır ki, bəyanatda bununla bağlı məqamlar öz əksini tapmırdı”.

“SSRİ dövründə bu kəndlər Ermənistana peşkəş olundu. İndi isə artıq tarixi şərait yetişib və biz o kəndləri geri almalıyıq. Delimitasiya komissiyası məsələnin miqyasını ciddi şəkildə araşdırmalıdır. Elə bir qərar qəbul etməliyik ki, sonra bizim mövqelərimizin geriləməsi müşahidə olunmasın”, - deyə ekspert vurğulayıb.

Müəllif: Azər Niftiyev