Ağacın “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub
Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən əraziyə keçirilən baxış zamanı 1 ədəd söyüd ağacının kəsildiyi aşkar edilib.
Bunu jurnalistlərə açıqlamasında ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O, qeyd edib ki, araşdırma zamanı ağacın “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub.
Faktla bağlı akt tərtib olunub və 1800 manat məbləğində ziyan müəyyən edilib.