Avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
AYNA xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 10 təminat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.
Həmçinin Laçından Xankəndi istiqamətinə doğru sülhməramlıların 13 təminat-təchizat və iki minik avtomobili keçid edib.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.