SSRİ-nin 100 illiyinə “yeni imperiya” hədiyyəsi və dəfn edilən ambisiya

Siyasət

07.01.2023 - 10:20

Zərdüşt Əlizadə: “Putin sona qədər döyüşəcək, lakin məğlub olacaq - bu, dəqiqdir”

Mehman Əliyev: “Rusiya bu gün öz suverenliyini itirmək təhlükəsi ilə üz-üzə qalıb”

Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin yaranmasının 100 illiyini “yeni imperiya” yaratmaqla qeyd etmək istəyirdi. Ötən ilin yanvarında Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) adı altında Qazaxıstana daxil olması və Tokayevi hakimiyyətdə saxlaması, ardınca Ukraynaya qarşı təcavüzü Kremlin “yeni imperiya” arzusunu ən qısa müddətdə reallaşdırmaq niyyətində olduğunu göstərirdi. Hətta ABŞ Prezidenti Cozef Bayden buna eyham vuraraq, ölkəsinin müttəfiqləri ilə birlikdə buna imkan verməyəcəyini bəyan etmişdi.

Fevralın 24-də isə Rusiya Ukraynaya qarşı irimiqyaslı hərbi hücumlara start verdi. Moskva düşünürdü ki, qısa müddətə Kiyevə nəzarəti ələ alacaq və öz kadrını iqtidara gətirməklə “yeni imperiya” maraqları istiqamətində inamla addımlayacaq. Lakin Ukraynanın müqaviməti, ABŞ və Qərbin Rusiyaya qarşı çovektorlu sanksiyaları Putinin bu arzusunu gözündə qoydu. Lakin buna baxmayaraq, Rusiya yenə bu niyyətindən əl çəkməyib və müxtəlif postsovet ölkələrini qarışdırmaq cəhdi bunun bariz nümunəsidir.

Görəsən, Rusiya SSRİ-nin yaranmasının 100 illiyi üçün nəzərdə tutduğu “yeni imperiya” ssenarisini nə zamansa reallaşdıra bilərmi?

Politoloq Zərdüşt Əlizadə AYNA-ya açıqlamasında deyib ki, Çar Rusiyasından başqa dünyada heç bir imperiya yenidən bərpa olunmayıb: “Nə İngiltərə, nə Fransa, nə İspaniya, nə də Osmanlı imperiyası bərpa olunub. Bircə Çar Rusiyası bərpa olunub ki, onun da ömrü uzun olmayıb. Mən uzun müddətdir siyasətlə məşğulam. Demək olar ki, ömrümün əhəmiyyətli hissəsini siyasi araşdırmalara həsr etmişəm. Rusiyanın siyasətini də dərindən bilirəm. Hesab edirəm ki, Putin “yeni imperiya” yaratmaq istəmirdi. Çünki o, ağılsız adam deyil və bilir ki, bu, mümkün deyil”.

“Əslində Rusiya iddia edildiyi kimi, imperiya yaratmağa yox, postsovet məkanını öz nəzarətinə almağa çalışırdı. KTMT, Avrasiya İttifaqı və müxtəlif bəyannamələr vasitəsilə bu siyasətini həyata keçirirdi. İmkan vermirdi ki, keçmiş sovet ölkələri ABŞ və Qərbə yaxınlıq kursu götürsün. Onlar bunu “qırmızı cizgi” sayırlar və kim bu yolu tutursa, onu sərt şəkildə cəzalandırırdılar. Biz bunu Qazaxıstanda da görmüşük, Gürcüstanda da, Moldovada da. Azərbaycana qarşı da oxşar taktikadan istifadə ediblər”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada ağır məğlubiyyətə uğradı: “Düşünürdülər ki, Qazaxıstanın ardınca Ukraynanı da öz iradələrinə tabe etdirəcəklər. Lakin buna müvəffəq olmadılar. Ona görə nail olmadılar ki, Ukrayna hakimiyyəti və xalqı Kremlin qarşısında boyun əymədi. Qərb Ukraynaya tam olmasa da, müəyyən dəstək göstərdi. ABŞ və Qərb Rusiyaya qarşı tarixdə görünməmiş embarqolar tətbiq etdi. Bu sanksiyalar Rusiya iqtisadiyyatını çökdürür, Moskvanın bütün resursları tükənir”.

“Postsovet məkanında Rusiyanı sevmirlər və Putin bununla barışmaq əvəzinə, qonşu dövlətlərə qarşı təcavüz siyasətini davam etdirir. Təsəvvür edin ki, Ermənistan 44 günlük müharibədə məğlub oldu. Bundan sonra Ermənistanın daxilində olan rusmeylli qüvvələr Paşinyan iqtidarına qarşı inqilaba qalxdılar. Növbədənkənar seçkilər keçirilsə də, Paşinyan yenə qalib oldu. Erməni xalqı Rusiyanın yenidən ölkəsini nəzarətə almasına imkan vermədi. Belarusda da xalq Lukaşenko rejiminə qarşı qiyama qalxdı, Rusiyanın həlledici dəstəyi olmasaydı, onlar da Rusiyaya qarşı cəbhədə yer alacaqdılar. Heç bir postsovet ölkəsində, eləcə də Azərbaycanda da Rusiyanı sevmirlər”, - deyə Əlizadə bildirib.

Əlavə edib ki, Rusiya sona qədər müqavimət göstərəcək: “Çünki Putin dəqiq bilir ki, postsovet məkanını itirsə, demokratikləşmə dalğası onun özünü də vuracaq. Hətta Rusiyanın parçalanma ehtimalı da var. Məhz bu səbəbdən də sona qədər döyüşəcək. Lakin yekunda məğlub olacaq. Bu, dəqiqdir”.

“Turan” İnformasiya Agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyev mövzuya dair AYNA-ya şərhində söyləyib ki, Rusiya Qərbdən təhlükəsizlik təminatı tələb edir: “Ukraynaya qarşı təcavüzə başlanan dövrə qayıtsaq, görərik ki, Rusiya Qərbdən təminat almaq istəyirdi. Əslində Kremldə də başa düşürdülər ki, “yeni imperiya” yarada bilməyəcəklər. Çalışırdılar ki, NATO qüvvələri onların sərhədləri yaxınlığında yerləşməsin. İsveç və Finlandiya ilə bağlı narahatlıqları da bundan qaynaqlanırdı”.

“Təbii ki, ABŞ və Qərb bu imkanı ona tanımadı. Açıq şəkildə söylədilər ki, qonşuların daxili işlərinə müdaxilə halları yolverilməzdir və bununla barışmayacaqlar. Bundan sonra Rusiya Ukraynaya qarşı təcavüzə başladı. Ümid edirdi ki, Qərbi geri çəkilməyə məcbur edəcək. Lakin elə oldu ki, onun özü geri çəkildi. Bu gün Kreml müxtəlif yollarla müharibəni dayandırmağa, minimum təminatlar almağa çalışır. Onu da ona vermirlər. Əslində düz də edirlər”, - deyə analitik vurğulayıb.

Əliyev hesab edir ki, ABŞ və Qərb Rusiyanı çökdürmək üçün səylərini davam etdirəcək: “Təsəvvür edin ki, müharibənin ilk dövrlərində Qərbdən Ukraynaya müəyyən çağırışlar olurdu. Prezident Zelenskiyə sığınacaq təklifləri də var idi. Lakin hazırda bu istiqamətdə heç bir çağırışlar yoxdur. Əksinə, Ukraynaya dəstək artırılır, Rusiyaya isə təzyiqlər səngimir. Bu təzyiqlər, heç şübhəsiz, davam edəcək. Rusiya bu gün öz suverenliyini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Porseslərin bu şəkildə inkişafı onu çıxılmaz duruma sala bilər”.

“Tamamilə mümkündür ki, yaxın gələcəkdə Rusiya ağır məğlubiyyətə uğrasın. Bundan sonra isə öz suverenliyini itirsin. Belə bir şəraitdə hansı imperiya maraqlarından danışmaq olar ki?! Ukraynadakı məğlubiyyətindən sonra Rusiya imperiya maraqlarını “dəfn etdi”. Moskva reallıqla barışıb və bundan sonra çətin ki, belə bir iddialarla çıxış etsin. Əsas diqqətini özünü qorumağa, qonşu dövlətləri təzyiq altında saxlamaqla, müəyyən siyasi imtiyazlar əldə etməyə çalışacaq”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev