“Sputnik” Rusiyanın rəsmi mövqeyinə qarşı çıxdı – Moskva təəccüblü şəkildə susur

Aktual

31.01.2022 - 15:21

Rusiya xəbər agentliyinin erməni bölməsi nasizmi reabilitasiya etmək üçün tribunaya çevrilib

Rusiya mətbuatı Rusiya Erməniləri İttifaqını (SAR) alman nasist əlaltısı Qagerin Njde haqqında film nümayiş etdirmək cəhdinə görə qınasa da, “Sputnik” informasiya Agentliyinin Ermənistan nümayəndəliyi bunun əksini nümayiş etdirir. Belə ki, “Sputnik Ermənistan” Ermənistanın Rusiyadakı səfirliyinin Njde haqqında filmin nümayişi ilə bağlı bəyanat yayması barədə məlumat yayıb.

“Ermənistan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi həm Rusiya Erməniləri İttifaqı, həm Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən digər erməni təşkilatları, həm də Rusiya hakimiyyət orqanları ilə əlaqə saxlayır. Səfirlik, həmçinin mətbuatda gedən yazıları diqqətlə izləyir və Ermənistan-Rusiya qardaşlıq münasibətlərinə böhtan atmaqda maraqlı olan müəyyən dairələr tərəfindən Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparan Qaregin Njdenin xatirəsini ləkələmək cəhdlərindən dərin narahatlığını bildirir”, - deyə səfirlikdən bildirilib.

Beləliklə, Ermənistan səfirliyi Njde məsələsində Rusiyanın rəsmi mövqeyinə qarşı çıxıb. Səfirlik onu “Ermənistanın müstəqilliyi uğrunda döyüşçü” adlandırır. Rusiyada isə Njde rəsmi olaraq alman nasistlərinin əlaltısı kimi tanınır.

Maraqlıdır ki, “Sputnik Ermənistan”ın məlumatında səfirliyin şərhindən sonra SAR-ın press-relizinin bir hissəsi də yerləşdirlib. “Njde RSFSR Cinayət Məcəlləsinin 4 maddəsi ilə mühakimə olunub və onların heç biri nasisitlər ilə əməkdaşlığa dəlalət etmir”, - deyə həmin şərhdə bildirilir.

Halbuki, Njde casusluqda və alman nasistləri ilə əməkdaşlıqda ittiham olunurdu. “Sputnik Ermənistan” bu yanlış məlumatı sitat kimi gətirməklə Rusiyanın rəsmi mövqeyinə qarşı çıxıb və faktiki olaraq bütün nəticələrlə faşizmin şəriklərinin şöhrətlənməsinə töhfə verir.

Beləliklə, Rusiya xəbər agentliyinin erməni bölməsi nasizmi reabilitasiya etmək cəhdi üçün tribunaya çevrilib. Rusiya tarixin yenidən yazılmasına və İkinci Dünya müharibəsi həqiqətlərinin təhrif edilməsinə həmişə fəal şəkildə qarşı çıxdığı halda, “Sputnik Ermənistan” konkret misalda nasizmin tərənnümü tərəfdarlarının tərəfini açıq şəkildə tutub.

“Sputnik Ermənistan” Njdenin SSRİ-yə qarşı döyüşmək üçün alman faşistlərinə fəal şəkildə öz xidmətlərini təklif etdiyi barədə məlumat vermək əvəzinə, arxa cəbhədə təxribat fəaliyyəti üçün diversantların hazırlanmasında iştirak etmiş erməni legionunun təşkilatçılarından birinin əməllərini ağartmağa çalışır.

Njdenin əsas şüarı belə olub: “Almaniya üçün ölən Ermənistan üçün ölür”.

Amma əslində Njdenin hazırladığı diversantlar Ermənistan üçün ölməyiblər. Belə ki, 1945-ci il sentyabrın 1-də ABŞ-da nəşr olunan erməni həftəlik “Armenian Mirror-Spectator” qəzetində Njdenin Sovet Ermənistanının Almaniyanın müstəmləkəsinə çevrilməsini istədiyi sənəd dərc olundu. Belə çıxır ki, “Ermənistanın müstəqilliyi uğrunda mübariz” öz vətənini alman müstəmləkəsi kimi görmək istəyirmiş.

Bu vəziyyət heç də təəccüblü deyil, çünki uzun illər və xüsusən 44 günlük müharibədən sonra “Sputnik Ermənistan” Azərbaycan və Türkiyəyə qarşı informasiya qarşıdurmasında erməni təbliğatının əsas rıçaqı olub. İndi buna nasizmi tərifləmək cəhdi də əlavə edilib. Njdeni ağartmaq cəhdindən sonra da Moskvanın “Sputnik Ermənistan”ın təxribatçı fəaliyyətinə, eləcə də SAR-ın özbaşınalığına göz yumması təəccüblüdür.

Müəllif: Asif Aydınlı