"Sözümüz havada qalır, AZAL da qaldıra-qaldıra gedir" - Deputatlardan ETİRAZ

Cəmiyyət

14.12.2021 - 21:18

Parlamentdə deputatlar təyyarə biletlərinin qiymətindən narazılıq ediblər

Milli Məclisin bu gün keçirilən iclasında “Turizm haqqında” yeni qanun layihəsinin müzakirəyə çıxarılıb. Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.

Komitə sədri: "Təyyarə biletləri bahadır, turistlərin gəlişinə mane olur"

Müzakirələr zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təyyarə biletlərinin bahalığından şikayətlənib. Deputat deyib ki, ölkəmizdə indiyədək turizm sahəsinə 2 milyard dollardan artıq vəsait qoyulub: "Əldə edilən nailiyyətlərlə yanaşı, turizm sektorunun davamlı inkişafını ləngidən bəzi problemlər də var. Son illərdə aparılan islahatlara baxmayaraq, hələ də mühafizəkar viza rejimi ölkədə turizmin inkişafına maneə olaraq qalmaqdadır. Azərbaycana yalnız 10 ölkədən xarici vətəndaş vizasız gələ bildiyi halda, Gürcüstana 100- yaxın, Özbəkstana 80-dən çox, Qazaxıstana 70-dən çox, Türliyəyə isə 90- dan çox ölkədən əcnəbilər vizasız gələ bilərlər. Digər tərəfdən, sərfəli olmayan bazar şərtləri də var. Təyyarə biletlərinin baha olması da turistlərin gəlişinə maneədir". 

"Sərfəli olmayan bazar şərtləri aşağı büdcəli hava yolu şirkətlərinin cəlb olunmasına, uçuş istiqamətlərinin şaxələndirilməsinə və uçuş reyslərinin sayının artmasına maneə yaradır. Eyni zamanda, Azərbaycanda beynəlxalq statuslu regional hava limanları mövcud olsa da, birbaşa hava əlaqələrinin qurulmasında onlardan səmərəli istifadə edilmir. Üçüncü səbəb quru sərhəd keçid infrastrukturunun turistlər üçün əlverişli olmamasıdır. Turist məmununluğunun yaxşılaşdırılması, qonşu ölkələrdən gəlmə turist sayının artırılması məqsədilə quru sərhəd keçid məntəqələrində viza verilməsi işinin təşkilinə, ğözləmə rejiminin azaldılmasına, infrastrukturun təkmilləşdirilməsinə, keçid prosedurların optimallaşdırılmasına, habelə əlavə resursların (insan, texniki və maddi resursların) cəlb olunmasına ehtiyac var”, - deyə M.Quliyev əlavə edib.

Deputat: "Turisti aldadan, dələduzluq edən şəxslər ciddi məsuliyyətə cəlb edilməlidir"

Deputat Fazil Mustafa qeyd edib ki, "Ov turizmi’ ifadəsinə “Turizm haqqında” qanun layihəsində yer verilməyib: "Bu ifadənin qanun layihəsinə daxil edilməsinə ehtiyac var".

Deputat turistlərin aldadılması məsələsinə də toxunub: "Turisti aldadan, dələduzluq edə şəxslər ciddi məsuliyyətə cəlb edilməlidir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edə bilərik. Ona görə də turistin sadəcə, sığortası məsələsini deyil, onların təhlükəsizliyi məsələsini də həll edək. Dəniz turizmi məsələsi də çox acınacaqlı vəziyyətdədir. Biz bəlkə də dənizdən istifadə etməyi bacarmayan yeganə xalqıq”.

Deputat təyyarə qiymətlərinin baha olması problemini qaldırıb: “Dəfələrlə təyyarə qiymətlərinin baha olması məsələsini qabardırıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzuruqsa, rəqabət də olmayacaq".

"Deputat həmkarlarım, bəlkə bu məsələni qaldırmayaq?!"

"Burada hamı təyyarə biletlərinin qiymətlərinin bahalığından danışdı. Yaxşı nə olacaq? AZAL qiymətləri endirəcək?! Yox! Özümüz deyib, özümüz də eşidəcəyik". Bu sözləri isə deputat Aqil Abbas səsləndirib.

O, İrəvandan İstanbula təyyarə reysinin açılacağanı və qiyməti də bizdən aşağı edəcəklərini xatırladıb: "Qiymət də 80 manatdır. Hörmətli Spikerdən AZAL-la bağlı məsələyə qarışmağı xahiş edirəm. Mən də gözləyirəm ki, Zəngəzur dəhlizi açılsın. Ora gedib o qiymətlə uçuş edim. Deputat həmkarlarım, onsuz da sözümuz havada qalır. Bəlkə bu məsələni qaldırmayaq?! Onsuz da AZAL qaldıra-qaldıra gedir. Bir futbol komandasını da saxlaya bilmədi. Hörmətli Sədr Sahibə Qafarovadan xahiş edirəm, bir sədr kimi bu məsələyə qarışın və məsələ həll edlsin".

 

Müəllif: Anar Bayramoğlu