Muxtar Babayev: “Söyüdlüdə tullantı su anbarı ilə bağlı müvafiq sənədlər aidiyyəti qurumlarla razılaşdırılmayıb”
“İyunun 21-də Prezidentin tapşırığı ilə Baş nazirin sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb”. AYNA APA-ya istinadən bildirir ki, bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.
Nazir deyib ki, iyunun 22-də və 27-də Komissiya üzvləri kənd sakinləri ilə görüş keçirib, texnoloji prosesi ilə tanış olub, o cümlədən tullantı suları üçün tikilmiş gölün monitorinqi aparılıb: “Səhiyyə, sağlamlıq məsələləri ilə bağlı TƏBİB-in, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Fövqəladə Hallar Nazirliklərinin və digər müvafiq strukturların əməkdaşları ora səfər edib. Kənd sakinlərində narahatlıq vardı ki, göldən gələn havanın qoxusu onların sağlamlığına neqativ təsir göstərə bilər. İlk gündən havanın keyfiyyətinin nəticələrini əhaliyə çatdırmağa çalışdıq. Hava monitorinqi təhlükəli maddələrin normadan artıq olmaması, hava keyfiyyətinə təsir etmədiyini məlum oldu”.
“Söyüdlüdə və Gədəbəydəki digər çaylarda sionid və digər ağır metallar aşkarlanmayıb”, deyən M.Babayev bildirib ki, toksiki maddələr üçün çay məcrası yaxınlığında süni göl yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb: “Vahid monitorinq nəzarət sisteminin qurulması ilə bağlı vahid plan olmayıb, sionid və digər ağır metalların təsirinin minimuma endirilməsi, ətrafda iy-qoxunun aradan qaldırılması üçün vacib tədbirlər görülməyib. Göl ətrafında lazımi maneələr quraşdırılmayıb. Sanitar-mühafizə honası müəyynələşdirməyib, hasar çəkilməyib. Söyüdlü kəndində də şirkət tərəfindən sosial layihələr həyata keçirilməyib".
Komissiya sədri qeyd edib ki, Söyüdlüdə tullantı su anbarı ilə bağlı müvafiq sənədlər aidiyyəti qurumlarla razılaşdırılmayıb, Fövqəladə Hallar Nazirliyinə təqdim edilməyib. Nazir deyib ki, tullantı anbarı ilə bağlı icazələrin alınmasında bir sıra uyğunsuzluqlar aşkarlanıb: “Prezident İlham Əliyev tərəfindən dünən müşavirədə xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı bir sıra haqlı iradlar səsləndirilib. Prezidentin tapşırığı, səsləndirilən iradların aradan qaldırılması üçün bütün qüvvələr səfərbər ediləcək. Çalışacağıq ki, belə hallarla üzləşməyək”.
Komissiya sədrinin sözlərinə görə, süni anbar 2011-ci ildə tikilib: “Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur. Mövcud tullantı anbarının istismar müddəti 3 aydan çox olmadığı, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib”.
“Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və Nazirlər Kabinetinə təklif veriləcək”, - deyən nazir bildirib ki, beynəlxalq şirkətə Söyüdlüdə tullantı anbarında qiymətləndirmə aparması təklif olunub və iyulun sonunda həmin şirkət tərəfindən bu işlərə başlanılacağı gözlənilir.
M.Babayev deyib ki, Söyüdlüdə mədənin istismarında müasir avadanlıq və texnologiyaların tətbiqi təklif edilib: “Enyi zamanda, mövcud anbarın reabilitasiyası ilə bağlı da texniki təklif hazırlanacaq. İstismarçı şirkətin sosial-korporativ layihələri ilə bağlı şirkətə ciddi iradlar tutuldu”.