Şoyqu səfərbər ediləcək rusların kateqoriyalarını açıqlayıb

Dünya

21.09.2022 - 12:24

“Ümumilikdə 300 min ehtiyatda olan hərbçi çağırılacaq”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsində qismən səfərbərlik elan edildikdən sonra hərbi xidmətə çağırılacaq vətəndaşların kateqoriyalarını sadalayıb. AYNA-nın xəbərinə görə, nazir bildirib ki, döyüş təcrübəsi olan ruslar ehtiyatdan çağırılacaq.

“Həmçinin, bu kateqoriyaya ordu üçün zəruri hərbi ixtisası olan şəxslər daxildir. Ümumilikdə, 300 min ehtiyatda olan hərbçi çağırılacaq”, - Şoyqu vurğulayıb.

Nazir bildirib ki, qismən səfərbərlik hazırda hərbi xidmətdə olanlara təsir etməyəcək: “Onlar Rusiya Federasiyasının ərazisində qalacaqlar. Tələbələri səfərbər etməyi planlaşdırmırıq”.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərliyin başlanması ilə bağlı bəyanatla ruslara müraciət edib. Prezidentin müraciəti Rusiya televiziyasında nümayiş etdirilib.

Putin bildirib ki, ilk növbədə Rusiya Silahlı Qüvvələrində xidmət etmiş, həmçinin müəyyən hərbi ixtisaslara və lazımi təcrübəyə malik olanlar orduya çağırılacaqlar.

Müəllif: Ayna.az