Soydaşımız müharibə bölgəsində: “Xalq son damla qanınadək vuruşacaq” - FOTOLAR

Dünya

26.05.2022 - 10:20

İdrak Camalbəyli: “Hazırda döyüşlər Ukraynanın şərqində gedir, rus qoşunlarından sağ qalanlar ölkənin şərqinə çəkiliblər”

Rusiyanın Ukraynaya qarşı "xüsusi əməliyyat" adı altında başlatdığı işğalçı müharibənin 3 ayı arxada qaldı. Bu müddətdə Rusiya Silahlı Qüvvələri Mariupol şəhərini işğal altına salmağı bacardı. Hazırda intensiv döyüşlər Ukraynanın şərqində - Donetsk və Luqansk ətrafında davam edir. Ukrayna Ordusu bu istiqamətdə Rusiya silahlılarına qarşı müqaviməti davam etdirir. 

Müharibənin 3 ayı və hazırda Ukraynadakı vəziyyətlə bağlı AYNA-nın suallarını bu ölkədə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli cavablandırıb. 

Qeyd edək ki, İ.Camalbəyli müharibə başlayandan sonra Ukraynanı - Kiyevi tərk etməyən azərbaycanlılardandır. O, müharibə müddətində informasiya təminatı ilə yanaşı, soydaşlarımızın təxliyəsi işlərində də köməklik göstərib. Müsahibimiz bildirib ki, Ukraynada insanlarda müharibənin ilk günlərində yaranan həyəcan, təşviş artıq geridə qalıb:

- Belə demək mümkündürsə, ukraynalılar müharibə şəraitinə alışıblar. İlk günlərdə insanların üzündəki qorxu yox dərəcəsindədir. Müharibə başlayandan sonra ilk həftələrdə Kiyev və Kiyev ətrafında gərginlik müşahidə edilirdi. Rusiya qoşunları Kiyevə 4-5 istiqamətdən hücuma keçmişdi ki, əsas məqsəd paytaxtı işğal etmək idi. Bütün Rusiya qüvvələri tez zamanda Kiyevi tutmaq niyyətində idi. Müharibəyə hazır olmayan Ukrayna Ordusu və insanları üçün ilk günlər çox çətin keçdi. Buna baxmayaraq, ölkə rəhbərliyi də, vətəndaşlar da yerində dayanaraq, mətinlik göstərdilər. Az zaman kəsiyində Ukrayna Ordusu komplektləşə və müqavimət göstərə bildi. Faktiki olaraq Rusiya qoşunları Kiyevin 15 kilometrliyinə qədər irəliləyə bilmişdi. Ukrayna Ordusu ruslara böyük itkilər verdirərək, Kiyevi təmizləyə bildi. Rusiya 30 minə yaxın canlı qüvvə, qiyməti milyonlarla ölçülən minlərlə hərbi texnika itirib. Eyni zamanda, Rusiya onlarla generalını itirdi ki, bunlar hamısı Ukrayna Ordusunun gücünün göstəricisidir. 

- Hazırda Kiyevdə sabitlik bərqərar olubmu? 

- Bəli, hazırda Kiyev ətrafında sabitlikdir, paytaxt və vilayətin demək olar ki, mühafizəsi gücləndirilib. Kiyevdə həyat öz axarına dönüb. Artıq müharibə gündlərində Kiyevi tərk edən diplomatik korpuslar fəaliyyətlərini bərpa edir. İndi döyüşlər Ukraynanın şərqində gedir. Rusiya qoşunlarından sağ qalanlar ölkənin şərqinə çəkiliblər. Hərbi əməliyyatlar hazırda Donetsk ətrafında aparılır. Donetsk ətrafında ağır döyüşlər davam etməkdədir. Mariupolu Rusiya işğal edə bildi. İndi Donetski tam nəzarətə götürmək istəyir ki, döyüşlər bu baxımdan çox intensiv aparılır. Rusiya Mariupol kimi, Donetsk ətrafındakı bir çox kəndlər var ki, onların mühasirəsinə çalışır. Əgər Rusiya qoşunları bunu bacara bilsə, Mariupoldan sonra ikinci böyük qələbələrini qazanacaqlar. Amma Ukrayna Ordusu rəşadətlə döyüşür və ikinci Mariupol hadisəsinin yaşanmasına imkan verməməyə çalışır. Rəsmilər hər vəchlə işğalın qarşısının alınacağını bildirirlər. Ukrayna Ordusunun əhvalı yüksək səviyyədədir. İnsanlar ancaq qələbə haqqında düşünürlər. Ukrayna xalqının 99 faizinin qələbə qazanacaqlarına heç bir şübhəsi yoxdur. 

- Ukrayna Ordusunun hərbi texnika baxımından, canlı qüvvə baxımından gücü qalıbmı? 

- Son günlər Qərb tərəfdaşları Ukrayna Ordusunu hərbi texnika baxımından təmin edir. Əvvəllər Ukrayna Ordusu müdafiə silahlarından istifadə edirdi, silah bazası zəif idi. Amma ABŞ və Qərb ölkələri hər bir silah növündən Ukraynaya tədarük etdi. İndi hücum silahı ilə də təchizat yüksək səviyyədədir. Demək olar ki, Ukrayna Ordusu modern hərbi texnika ilə təchiz edilib. Qərbdən silah-sursat və maliyyə baxımından tam dəstək var və bu, davam edir. Bütün dövlətlər Ukraynanın işğalçı imperiya olan Rusiyaya qalib gəlməsini istəyir. 

Canlı qüvvəyə gəlincə, Ukraynada hər kəs silaha sarılıb. Ukrayna xalqı anlayır ki, gələcəkləri bu müharibədə qalib gəlməkdən asılıdır. Rusiya hərbçilərinin vəhşilikləri, törətdikləri soyqırımılar Ukrayna Ordusunu da, xalqını da qıcıqlandırır. Həm vətənə sevgi, həm rusların yaşlı, cavan, uşaq demədən, ukraynalıları süngüdən keçirməsi nifrəti son dərəcə alovlandırıb. Ona görə də, hər kəs son damla qanınadək vuruşmaq əzmindədir. 

Rusiya qoşunlarının bütün müharibə qanunlarını çeynədiyi barədə yüzlərlə faktlar var. Gələcəkdə yəqin ki, bu əməllər aydınlaşdırılacaq, faktlar ortaya qoyulacaq və Rusiya rəhbərliyi başda olmaqla, hərbi rəhbərlik, xırda əsgərinə kimi ədalət məhkəməsində hesab verəcəklər. Təsəvvür edin ki, Buçada, İrpendə ruslar hansı vəhşilikləri, soyqırımını həyata keçiriblər... Rusiya əsgərləri altı yaşında uşağa belə, təcavüz etməkdən çəkinməyiblər. Bunlar faktlardır və hazırda Ukrayna Baş Prokurorluğu tərəfindən onlarla cinayət işi açılıb. Bütün bu faktlar Ukrayna Ordusunda döyüş əzmini artırır. Ordu da, xalq da ancaq qələbə, ərazilərin işğaldan azad edilməsi haqqında düşünür. 

- Dediniz ki, Kiyevdə sabitlik bərpa olunub. Müharibə vaxtı qaçqın düşənlərin qayıdışı müşahidə edilirmi?

- Hazırda paytaxtda canlanma müşahidə olunur, həyat axarına qayıdır. Kiyevdən çıxan insanların böyük əksəriyyəti qayıdıb. Ümumiyyətlə, Ukraynadan qaçqın düşənlərin əksəriyyəti evlərinə qayıtmaqdadır. Qayıtmayan insanlar hazırda döyüş gedən bölgələrin sakinləridir. Onların da bəziləri artıq sabitlik bərpa olunan ərazilərə gəliblər. Kiyev və ətrafında ərzaqla, dərmanla bağlı heç bir problem yoxdur. Əməliyyatların getdiyi bölgələrdə isə müəyyən qədər qida və tibbi ləvazimatlar baxımından çətinliklər yaşanır. Kiyevdə hazırda müşahidə olunan problem yanacaqla bağlıdır. Neft bazalarının vurulması, yolların bağlı olması problemi dərinləşdirir. Ölkə rəhbərliyi bu problemin qısa zaman kəsiyində yoluna qoyulacağını bildirib. Böyük döyüşlərin getdiyi Xarkov Ukrayna Ordusunun tam nəzarətindədir. Amma onu qeyd etmək lazımdır ki, Mariupolla yanaşı, Xarkovda da böyük dağıntılar olub. Yəqin ki, bunların bərpasına başlanılacaq. Xarkov sakinləri yavaş-yavaş şəhərlərinə qayıtmaqdadırlar. 

- Müharibə zamanı Kiyevdə, Xarkovda və digər yerlərdə yaşayan azərbaycanlılar da qaçqın düşmüşdülər. Onların dönüşü müşahidə edilirmi? 

- Kiyevdən çıxan azərbaycanlıların böyük əksəriyyəti paytaxta qayıdıb, öz əvvəlki işlərini görməyə başlayıblar. Bəzi azərbaycanlılar ailəvi qayıdıblar, bəzi ailələrin isə kişi üzvləri qayıdıblar, qadınlar, uşaqlar Azərbaycandadırlar. Demək olar ki, əksər azərbaycanlılar Ukraynaya qayıdıblar. Kiyevdə tanıdığım, bildiyim azərbaycanlı ailələrin böyük əksəriyyəti buradadır. 

Ümumiyyətlə, Ukraynanı tərk etməyən, Ukrayna vətəndaşı olaraq döyüşlərə qatılan azərbaycanlılar da az deyil. Yüzlərlə azərbaycanlı Ukrayna uğrunda döyüşdü, hələ də döyüşürlər. Onlarla azərbaycanlı Ukrayna uğrunda qəhrəmancasına şəhid olub. Ukrayna xalqı bunları bilir və azərbaycanlılara böyük hörmət, rəğbət bəsləyir. İnsanlarımızın döyüşməsi, döyüşdə olmayanların ukraynalılarla birlikdə olması, iş adamlarının insanlara yardımı, dəstəyi, Azərbaycandan gələn humanitar yardımlar - bunlar hamısı Ukrayna xalqı üçün önəmlidir. Ukraynalılar bir daha Azərbaycan və azərbaycanlıların nə qədər mərd, səxavətli, dostcanlı olduqlarına əmin oldular.

Soydaşımız müharibə bölgəsində: “Xalq son damla qanınadək vuruşacaq” - Soydaşımız müharibə bölgəsində: “Xalq son damla qanınadək vuruşacaq” - Soydaşımız müharibə bölgəsində: “Xalq son damla qanınadək vuruşacaq” - Soydaşımız müharibə bölgəsində: “Xalq son damla qanınadək vuruşacaq” - Soydaşımız müharibə bölgəsində: “Xalq son damla qanınadək vuruşacaq” - Soydaşımız müharibə bölgəsində: “Xalq son damla qanınadək vuruşacaq” -
Müəllif: Anar Bayramoğlu