Sosial mediada fırıldaq dalğası: camaat aldadılır, hökumət göz yumur

Cəmiyyət

16.06.2023 - 18:09

AİB sədri: “Azərbaycan hökuməti 30 ildir Rəqabət Məcəlləsini qəbul etmir, istehlakçı hüququnu qorumur”

Marketoloq: “Desinlər ki, cəngəllik qanunları ilə idarə olunuruq, hər kəs də öz başının hayına özü qalsın”

Son dövrlər sosial media marketinq (SMM) terminindən geniş istifadə olunur. Əhalinin kütləvi şəkildə sosial şəbəkələrdə olması, fəallıq nümayiş etdirməsi biznes subyektlərini də öz fəaliyyətlərini müasir dövrün tələbləri ilə uyğunlaşdırmağa, sosial media platformaları üzərindən təbliğata təşviq edir.

Demək olar ki, böyüklü-kiçikli əksər şirkətlərin sosial media hesabları mövcuddur. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, dünya təcrübəsində biznes subyektləri sosial media hesablarından yeni biznes imkanları yaratmaq, müştərilərin əhatə dairəsini və sədaqətini artırmaq üçün istifadə edirlər. Azərbaycanda isə istehlakçıları aldatmağı, onların etimadından sui-istifadə etməyi başlıca məqsədinə çevirən bəzi şirkətlər sosial media platformalarında da bu çirkin məqsədlərinihəyata keçirir.

Təsadüfi deyil ki, endirim adı altında sosial şəbəkələr vasitəsilə müştərilərə saxta təkliflər olunur. Onlar endirimin təfsilatı ilə bağlı məlumat əldə etmək istəyən istifadəçilərə “müraciətinizlə bağlı mesaj poçt qutusuna göndərildi” şəklində qarşılıq verir, ümumi məlumatlar təqdim etməkdən yayınırlar. Sonradan məlum olur ki, endirim adı ilə təqdim olunan təkliflər əslində soyğunçuluq məsədi daşıyır və məhz elə bu səbəbdən də bu cür elanların mahiyyəti gizlədilir. Xüsusən avtomobil satışı ilə məşğul olan şirkətlər bu cür aldadıcı reklamlardan istifadə edir.

Müvafiq qurumlar, konkret olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti niyə bu halların qarşısını almır?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AYNA-ya açıqlamasında deyib ki, marketinq elminin istehlakçıları aldatmaq üçün çoxlu sayda fəndləri mövcuddur: “Dünyada müxtəlif emlər var. Müasir elmlərdən biri də marketinq elmidir. Bu elmin mahiyyətində nə yolla olursa-olsun alıcıları qapıdan içəri salmaq dayanır. Amma marketinqin mütərəqqi məqamları da var. Sağlam rəqabət, müştəri etibarı və sədaqəti yolu ilə bazara xitab eləmək. Dünya təcrübəsində bundan geniş istifadə olunur”.

“Azərbaycanda isə yalnız birinci işləyir. Guya endirimlər edirlər, əslində isə bu yolla istehlakçıları aldadırlar. Azərbaycanda istehlakçı hüquqları qorunmur. Aidiyyəti dövlət qurumları istehlakçı hüquqlarına deyil, biznesin inkişafına önəm verdiyini bəyan edir. Bunun da öz növbəsində kifayət qədər ciddi səbəbləri var. Çünki ölkəmizdə ən çox qorunan zümrə məmurlardır. Azərbaycanda da məmur oliqarxiyası geniş yayılıb. Məmur oliqarxiyasına görə 30 ildir Rəqabət Məcəlləsini qəbul edə bilməyən hökumət istehlakçı hüquqlarını da qorumur”, - deyə həmsöhbətimiz bildirib.

AİB sədrinin sözlərinə görə, istehlakçılarla bağlı çox ciddi problemlər yaşanır: “Qeyd edim ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub. Ötən 28 ildə bu qanunda 20 dəyişiklik aparılıb ki, onların da hamısı istehlakçıların zərərinə olub. Belə bir şəraitdə insanların aldadılması baş verir”.

“Avtomobil satışı bazarında biabırçı mənzərə hökm sürür. İkinci əl avtomobillərin satışı bazarında vəziyyət daha dramatikdir. Bununla bağlı AİB-ə çoxsaylı müraciətlər daxil olur. Təsəvvür edin, maşının yürüş göstəricisini saxtalaşdırırlar, kredit məsələsində aldadırlar, güzəşt adı ilə soyğunçuluq edirlər. Bütün bunlar ona görə baş verir ki, nəzarət yoxdur. Şikayət edən də yoxdur. Rəsmi şikayət olarsa, məsələyə hüquqi qiymət verilə bilər. İstehlakçılar fırıldaqçı və işbazların təsirinə düşməsinlər, saxta və yalançı vədlərə aldanmasınlar. Ən optimal çıxış yolu budur”, - deyə Hüseynov vurğulayıb.

“Ege Group” şirkətinin direktoru, marketoloq Mikayıl Mirzəzadə mövzuya dair AYNA-ya şərhində bu cür kampaniya aparan şirkətlərin biznes mədəniyyətindən bixəbər olduğunu söyləyib: “Qabaqlar klinika və həkimlər arasında dəb düşmüşdü və yalandan özlərini şişirdirdilər. Guya ki, ABŞ-da, Avropada təhsil alıblar, orada çalışıblar. Əslində isə adlarını yazdırıb sertifikatlar əldə edir və dünyada bir ilkə imza atdığı yalanını tirajlayırdılar. Sonradan bu “məşhur cərrahlar” əməliyyat masasında xəstələri öldürdülər və onların bu əməlləri elə reklamlarını apardığı sosial şəbəkələrdə ifşa olunmağa başladı”.

“İndi də endirim oyununa başlayıblar. “Endirimin mahiyyəti nədir və hansı güzəştləri özündə ehtiva edir” sualına isə fərdlərin şəxsinə göndərdikləri mesaj zamanı aydınlıq gətirirlər. Araşdırma zaman məlum olur ki, bu elan etdikləri “endirimlər” nəinki güzəşt nəzərdə tutur, əksinə, istehlakçıları faktiki soyğunçuluğa məruz qoyur. İstifadəçilər də bunu ictimailəşdirmirlər. Düşünürlər ki, almıramsa, nə zərurət var axı. Bəziləri isə aldanaraq tora düşür. Avtomobil şirkətləri bu cür saxta elanlardan daha çox istifadə edirlər”, - deyə müsahibimiz qeyd edib.

Mirzəzadə aidiyyəti qurumları bu cür hallara qarşı barışmaz mövqedə dayanmağa çağırıb: “Dövlətin bununla bağlı strukturları mövcuddur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəaliyyət göstərir. Görünür, istehlakçı hüquqları onlar üçün maraqlı deyil. Dövlət satınalmalarına, tenderlərə də bu qurum nəzarət edir. Hər iki sahədə özbaşınalıq pik həddədir. Lakin “dayan, dur” deyən də yoxdur. Desinlər ki, cəngəllik qanunları ilə idarə olunuruq, hər kəs də öz başının hayına özü qalsın”.

Müəllif: Azər Niftiyev