Son nəfəsinədək Şuşaya doğru: Qələbəyə cəmi bir gün qalmışdı... - <font color=red> FOTOLAR</font>

Cəmiyyət

06.12.2020 - 19:57

“Daşaltı əməliyyatının ardınca Şuşa döyüşlərinə qatılıb, orada yaralansa da, döyüş yoldaşlarının onu meydandan çıxarmalarına razılıq verməyib”

 

Sentyabrın 27-də işğalçı Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı Vətən müharibəsi ilə nəticələndi və Azərbaycan Ordusunun göstərdiyi şücaət, qəhrəmanlıq İkinci Qarabağ müharibəsinin taleyini Azərbaycanın xeyrinə həll etdi. 44 gün davam edən döyüşlərdə ordumuz yüzlərlə kənd, strateji əhəmiyyətli yüksəklik, eləcə də Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini işğaldan azad etdi. Nəticədə noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında, Ermənistanın məğlubiyyəti ilə nəticələnən üçtərəfli bəyanat imzalandı. Bəyanatda Azərbaycanın itkisiz və zərərsiz şəkildə Kəlbəcər, Ağdam və Laçın rayonlarını da geri alması təsdiqləndi.

 

Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycanın Ermənistan üzərində böyük qələbəsi ilə başa çatdı. Təbii ki, dövr nə qədər dəyişsə də, yeni texnologiyalar meydana çıxsa da, müharibənin taleyini İNSAN - qəhrəman əsgərlər, hərbçilər və könüllü döyüşənlər həll edir. Ona görə də heç bir müharibə itkisiz ötüşmür. Azərbaycanın haqlı davasında qələbə qazanmasının əsas pay sahibləri də əzmkarlıqla döyüşən, qazilik və şəhidilik mərtəbəsinə yüksələn qəhrəmanlardır.

 

Bu qələbədə pay sahibi olanlardan biri də şəhid Rəhimli Orxan Rəşid oğludur. O, 1994-cü il aprelin 28-də Oğuz rayonu Xaçmaz kəndində dünyaya gəlib. 2011-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dağ-mədən mühəndisliyi ixtisasına daxil olub. 2015-ci ildə Universiteti başa vurub.

 

AYNA-ya danışan şəhidin ailə üzvlərinin sözlərinə görə, Orxan çox şən, danışıb-gülən, pozitiv bir insan olub: “Hələ məktəb illərindən həm müəllimlərin, həm də sinif yoldaşlarının sevimlisinə çevrilmişdi”.

 

İllər öncə iki əmisi eyni anda dəhşətli bir qəza nəticəsində dünyasını dəyişib. Keçən il də atası vəfat edib. “Evin-ailənin başında yalnız Orxan qalmışdı. İşləyib həm qoca nənəsinə, həm də anasına baxırdı. Özündən başqa isə ailəli bir bacısı var. Orxan sentyabrın 29-da müharibəyə yollandı. Daşaltının alınmasında xüsusilə fərqlənib. Elə Daşaltını onların taboru azad etmişdi”, - deyir şəhidin bibisi qızı Turanə Məmmədli.

 

Onun sözlərinə görə, Orxan Daşaltıdan sonra Şuşa döyüşlərində iştirak edib və yaralanıb: “Döyüş yoldaşları onu meydandan çıxarmaq istəsələr də, razılaşmayıb. Yanında əsgər yoldaşlarının şəhid olduğunu görən Orxan yaralı-yaralı yenidən döyüşə atılıb. Əsgər yoldaşlarının dediklərinə görə, Orxan təkbaşına azı 100-dən çox ermənini məhv edib. O qədər cəsur, o qədər mərd olub ki, son nəfəsinə kimi bir addım belə geri çəkilməyib”.

 

“İkinci yaradan sonra isə, qələbəyə bir gün qalmış şəhid olub. İndi həm qoca nənəsi, həm də anası ümidlərini dikdiləri Orxansız qalıblar. Onu heç vaxt unutmayacağıq. Orxan adı həmişə qəlbimizdə olacaq. Onun ruhu qarşısında baş əyirik. Şəhid olduğu Şuşaya isə mütləq gedəcəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!”, - şəhidin qohumu fikrini bitirir...

Müəllif: Mərahim Nəsib