COVID-19 pasportu olmadığına görə 39 nəfər toy şənliklərinə buraxılmayıb
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri dekabrın 21-də Bakıda və respublikanın digər ərazilərində 178 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinqlər 175 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib.
COVID-19 pasportu olmadığına görə 39 nəfər toy şənliklərinə buraxılmayıb.