İmtahanda iştirak etmək istəyənlər DİM-in saytında qeydiyyatdan keçməlidirlər
Dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə keçiriləcək sınaq imtahanı yeni imtahan modeli əsasında təşkil olunacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA - ya verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.
Məlumatda xatırladılıb ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.
Sınaq imtahanında iştirak etmək istəyənlər 16 dekabr saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçə bilərlər.
Sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan imtahan modelinə uyğun keçiriləcək.
Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan üç tapşırıqdan istifadə olunacaq.
İmtahanda abituriyentlərə 30 tapşırıq:
- dinləyib-anlamaya dair bir mətn və mətnə aid dörd (üç qapalı + bir yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;
- oxuyub anlamaya dair iki mətn və hər mətnə aid səkkiz (yeddi qapalı + bir yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;
- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir.
İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.