Hakim olmaq istəyən 62 namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə prezidentinin tapşırıqlarına əsasən, görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin müasir beynəlxalq tələblər səviyyəsində və şəffaf prosedurlarla fasiləsiz seçimi davam etdirilir. Müsabiqə çərçivəsində test imtahanında müvəffəqiyyət qazanmış 175 nəfər namizədlə 04.08.2023-cü il tarixdə yazılı imtahan keçirilib, imtahan zamanı cinayət və mülki sahələr üzrə kazus xarakterli 2 sual 4 saat ərzində cavablandırılıb. Hakimliyə namizədlərin cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Yeni qaydalara əsasən, namizədin həm cinayət, həm də mülki sahələr üzrə topladığı ballar cəmlənir və 2-yə bölünərək, yekun bal müəyyən edilir. Topladığı yekun bal 60 və ya daha çox olan namizəd yazılı imtahanın bu fazasından keçmiş hesab edilir, bu şərtlə ki, onun hər inşa mövzusu üzrə ayrı-ayrılıqda topladığı ballar 50-dən az olmasın.
Bu barədə AYNA-ya Məhkəmə-Hüquq Şurasından məlumat verilib. Bildirilib ki, imtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 62 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə, şifahi imtahana buraxılıb.
Yeni qaydalara əsasən yazılı imtahanın nəticələri namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir.
Namizədlər şəxsi eyniləşdirmə kodunu bu keçid vasitəsilə əldə edə bilərlər.
Şifahi imtahanlar 2023-cü il 10 oktyabr tarixdən başlayaraq mərhələli qaydada keçiriləcək.
Eyni zamanda bildirilir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və 03 noyabr 2023-cü il tarixdə keçiriləcək test imtahanı üçün artıq 240-dan çox namizəd sənədlərini təqdim etmişdir. Hakimlərin Seçki Komitəsi yerlərin məhdudluğunu nəzərə alaraq, hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.