Əməyin mühafizəsi Fondu yaradılıb

Xəbərlər

07.10.2019 - 15:20

Yeni Fond əməyin mühafizəsi tədbirlərinə sistemli şəkildə maddi-texniki dəstəyi təmin etməklə, işçilərin həyat və sağlamlığının qorunması kimi vacib məqsədə xidmət edəcək

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb. Yeni Fond əməyin mühafizəsi tədbirlərinə sistemli şəkildə maddi-texniki dəstəyi təmin edəcək Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarına uyğun olaraq fəaliyyətə başlayıb.

 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı AYNA-ya bildirib ki, hazırda yeni Fondun fəaliyyətə başlaması üçün təşkilati işlər aparılır: “Ölkə rəhbərinin “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 13 iyun tarixli 1607-VQD nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 24 iyul tarixli Sərəncamına əsasən belə bir Fondun yaradılması ölkəmizdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsi Fondun vəsaitindən istifadənin istiqamətlərindən biri kimi müəyyən olunub. Bu da əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsinə yönələn yeni elmi araşdırmaların aparılmasını və geniş miqyas almasını stimullaşdıracaq".

 

"Ölkədə əməyin mühafizəsi üzrə kadr potensialının artırılması, iqtisadiyyatın müxtəlif sahələrində əməyin təhlükəsizliyi üzrə mütəxəssislərin hazırlanması kimi mühüm istiqamətdə də Fondun vəsaitindən istifadə olunacaq. Qeyd edilən vəsait həmçinin əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına, əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə, bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına yönəldiləcək”, - deyə qurumun sözçüsü əlavə edib.

 

Məlumatda qeyd olunur ki, o cümlədən müvafiq sahədə müasir tələblərə cavab verən və əməyin mühafizəsi üzrə fəaliyyət sferasında tətbiqi zəruri olan texnoloji qurğuların, cihazların, avadanlıqların və s. alınmasında yeni yaradılan Fond mühüm dəstək rolunu oynayacaq. Fondun vəsaiti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən, eləcə də müəssisələrin və vətəndaşların könüllü şəkildə ödədikləri vəsaitlərdən və b. ödəmələrdən formalaşacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fondun idarə edilməsini və Fondun nazirliyin büdcədənkənar xüsusi xəzinə hesabında toplanacaq vəsaitləri üzərində onun Əsasnaməsinə uyğun istiqamətlər üzrə sərəncam verilməsini həyata keçirəcək.

 

Göründüyü kimi, yeni Fond ölkəmizdə əməyin mühafizəsi tədbirlərinə sistemli şəkildə maddi-texniki dəstəyi təmin etməklə, işçilərin həyat və sağlamlığının qorunması kimi vacib məqsədə xidmət edəcək. İş yerlərində əməyin mühafizəsi norma və standartlarının təmin olunmasının istehsalatda əmək məhsuldarlığının artımına da müsbət təsiri nəzərə alındıqda, yeni Fondun iqtisadi əhəmiyyəti də özünü göstərəcək.

Müəllif: Ayna.az