Səudiyyənin “müsəlman qardaşlığı”: Erməni təbliğatı yeni yardımçılar tapıb

Siyasət

02.11.2020 - 18:11

“Əl-Ərəbiyyə” və “Əl-Hadas” telekanalları Azərbaycan və Türkiyəyə qarşı təxribat ruporuna çevrilib

 

Səudiyyə Ərəbistanı ilə Ermənistan arasında rəsmi diplomatik əlaqələr olmasa da, son illərdə Ər-Riyad və İrəvan arasında nəzərəçarpacaq yaxınlaşma müşahidə olunur. Bunun səbəbi, hər iki ölkənin münaqişə şəraitində olduğu Türkiyədir.

 

Ermənistanın Türkiyə ilə problemləri, Azərbaycan ərazilərinin işğalı və 1915-ci il uydurma “soyqırımı” səbəbindən, Ankaraya qarşı iddiaları ilə əlaqəlidir. Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı gərginlik isə, 2017-ci ilin iyun ayında Qətər Dövləti ilə əlaqədar ərəblərarası böhran zamanından başlayır. Türkiyə bu münaqişədə Qətərin tərəfini tutdu ki, bu da Səudiyyə Ərəbistanı ilə gərginliyə səbəb oldu.

 

Bu illər ərzində Suriya, Misir, Liviya və Livan ikitərəfli ziddiyyətlər siyahısına əlavə edildi. Səudiyyəli jurnalist Camal Qaşıqçı 2018-ci ilin oktyabrında İstanbulda Səudiyyə Ərəbistanı konsulluğu ərazisində öldürüldükdən sonra Ər-Riyad ilə Ankara arasında münasibətlər son dərəcə gərginləşdi. Ərdoğanın Qaşıqçının qatillərinin beynəlxalq mühakimə olunmasına və Əl-Səud ailəsinin yüksək səviyyəli nümayəndələrinin cinayətdə iştirak etdiyinə dair eyhamlarına reaksiya olaraq, Səudiyyə tərəfi türk mallarını tam boykot etməyə çağırışlar etdi.

 

İndi isə Azərbaycan Ordusunun işğal altındakı torpaqları azad etmək üçün apardığı müharibə ilə əlaqədar Səudiyyə Ərəbistanı Türkiyəyə qarşı yeni informasiya hücumlarına keçmək üçün səbəb tapdı. Məlumdur ki, Ermənistan Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan türk mənşəli hərbiləşdirilmiş suriyalı muzdluların, guya Azərbaycan tərəfində döyüşdüyünü iddia edir.

 

Bu məlumatlar Səudiyyə Ərəbistanına məxsus “Əl-Ərəbiyyə” və “Əl-Hadas” televiziya kanalları vasitəsilə yayılır. Beləliklə, Türkiyəni qıcıqlandırmaq istəyən bu televiziya kanalları, Ər-Riyadın göstərişi ilə erməni təbliğat dəyirmanına su tökürlər. Öz növbəsində, erməni mediası bu məlumatları yenidən çap edir, həmçinin Avropada bir çox dildə yayır.

 

Əlavə olaraq, “Əl-Ərəbbiya” telekanalı, Ermənistan Prezidenti Armen Sarkisyandan müsahibə də aldı. Həmin müsahibədə Ermənistan Prezidenti beynəlxalq ictimaiyyəti Türkiyəyə təzyiq göstərməyə çağırdı ki, Ankara Qarabağ münaqişəsinə qarışmasın.

 

Əgər əvvəllər “Əl-Ərəbiyyə” və “Əl-Hadas” televiziya kanalları yalnız Ermənistan tərəfinə qarşı Azərbaycan tərəfində döyüşdükləri iddia edilən suriyalı muzdlular haqqında yoxlanılmamış məlumatların təkrarlanması ilə məhdudlaşırdısa, sonradan başqa hiyləgərliklərdən də istifadə olunmağa başlanıldı. Belə ki, bir neçə gün əvvəl “Əl-Hadas” telekanalı görüntü yaydı ki, guya, “Suriya ordusu tərəfindən tutulduğu” iddia edilən Amin İmad Əl-Səidin adlı şəxs “Qarabağdakı müharibədə suriyalı muzdluların iştirakı” barədə danışır.

Is Al-Arabiya Network really a refreshing alternative? – Middle East Monitor

Sujetdə mülki paltar geyinmiş bir ərəb, Türkiyənin müxtəlif hərbiləşdirilmiş qruplaşmalardan yaraqlılar topladığını və sonra onları Azərbaycana keçirdiyindən bəsh edən nağıllar danışır. Bu cür nağıllar çoxdandır ki, danışılır, amma Ermənistan bu günə qədər Qarabağda döyüşdüyü iddia edilən öldürülmüş və ya əsir götürülmüş bir “suriyalı muzdlu”nu təqdim belə, edə bilməyib. Bütün materiallarda yalnız əsassız sözlər və şübhə doğuran videogörüntülər var.

 

Erməni təbliğatının bu cür “kəşflər” ustası olmasını Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın məruzələrindən də görmək olar. Bu yaxınlarda “Facebook” səhifəsində videogörüntülər yayımladı və altına aşağıdakıları yazdı: “Azərbaycan sərhədçiləri formasında terrorçu muzdlular… Yəqin ki, onların başına nə gəldiyini təsəvvür edə bilərsiniz”.

 

Videogörüntülərdə Azərbaycan sərhədçilərinin formasını geymiş bir neçə silahlı şəxsin ərazidə hərəkət etdiyi göstərilir. Baxmayaraq ki, bu videokadrlarda Stepanyanın dediklərini sübut edən heç nə yoxdur, bununla belə, ona görə, bunlar “döyüş meydanından qaçan muzdlulardır”.

 

Bir neçə gün sonra eyni Stepanyan Qarabağa gələn Ermənistan Müdafiə naziri David Tonoyanın görüşündən bir fotoşəkil yayımladı. Fotoşəkildə Tonoyanın yanında Azərbaycan sərhəd xidməti formasında bir oğlan var. Görəsən, o oğlan da Suriya silahlısı deyilmi?

 

Yuxarıda qeyd edildiyi kimi, Stepanyan əvvəllər “Azərbaycan sərhədçiləri formasında muzdlular” ilə bir video yayımlayır və birdən həmin formalı şəxslərdən biri Tonoyanla eyni fotoşəkildə görünür. Bu fotoşəkil ilə Stepanyan, necə deyərlər, özü özünü ifşa etdi. Erməni tərəfinin Azərbaycan sərhədçilərinin formasını geyinmiş erməniləri lentə aldığını, sonra da onları Suriyadan “muzdlular” kimi təqdim etdiyini təsəvvür etmək çətin deyil. Bu işdə erməni tərəfi artıq "Əl-Ərəbiyyə" və "Əl-Hadas" telekanallarının simasında yeni köməkçilər qazanıb.

Müəllif: Asif Aydınlı