Əhməd Abbasbəyli: “Əvvəlki seçkilərlə müqayisədə budəfəki seçkilərdə seçici fəallığı daha çoxdur”
“Əvvəlki seçkilərlə müqayisədə budəfəki seçkilərdə seçici fəallığı daha çoxdur”. Bu sözləri AYNA-ya “Sivil Toplum” Monitorinq Koalisiyasının həmtəsisçilərindən olan Əhməd Abbasbəyli deyib.
Növbədənkənar prezident seçkilərində qanunvericiliyin tələblərinin pozulmadığını bildirən Ə.Abbasbəyli vurğulayıb ki, nəticələrə təsir edəcək çatışmazlıqlar mövcud deyil: “Müəyyən texniki qüsurlar vardı ki, onlar da aradan qaldırıldı. Bu saata olan göstəriciyə görə seçkilər normal qaydada, sakit keçir, seçici fəallığı mövcuddur. Hansısa qanun pozuntusu müşahidə olunmur”.
Həmtəsisçi deyib ki, Koalisiyanın 613 müşahidəçisi ölkə ərazisində 60-dan çox seçki dairəsində səsvermə prosesini müşahidə edir.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Səsvermə prosesinə saat 8:00-da başlanılıb. Səsəvermə saat 19:00-dək davam edəcək.