Sərt ritorikanın ardınca hansı əməli addımlar atılacaq - Bakının Güney siyasəti dəyişir

Aktual

29.11.2022 - 18:12

Aleksandr Rar: “Azərbaycanla İran arasında qızışmaqda olan münaqişə narahatedicidir”

Nəsimi Məmmədli: “Din pərdəsi altında fars millətçiliyini təbliğ edən bütün qruplar və şəxslər nəzarət altına alınmalıdır”

Bugünlərdə Prezident İlham Əliyev İrana qarşı sərt bəyanatlar verib. O, bu barədə “Orta dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı danışıb.

“Azərbaycan ərazilərinin işğalı dövründə İran silahlı qüvvələri Azərbaycan sərhədinin Ermənistan tərəfindən işğal olunmuş hissəsində heç vaxt heç bir təlim keçirməyib. Onlar bunu edə bilərdi. Azərbaycan sərhədinin 132 kilometri işğal altında idi. Bu da Azərbaycanla İranın sərhədidir. Bəs niyə bu sərhəddə hərbi təlimlər keçirmədilər?”, - deyə dövlət başçısı sual verib.

Əliyev deyib ki, İran rəsmiləri, o cümlədən yüksək rütbəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər: “Niyə onların heç biri bizim haqqımızda eyni sözləri demir? 30 ildir ki, ərazilərimiz işğal altında idi. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu eşidən varmı? Yox! Bu, Azərbaycan xalqının verdiyi sadə sualdır. Tək mənim yox”.

“Mən İranın üç keçmiş Prezidenti - Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bu qədər illərdir ki, indiki kimi vəziyyət heç vaxt olmayıb. İran heç vaxt sərhədlərimizə yaxın bir neçə ay ərzində iki dəfə hərbi təlim keçirməyib. Heç vaxt Azərbaycana qarşı bu qədər nifrət və hədələrlə dolu bəyanatlar səslənməmişdi. İstər bəyanatlar olsun, istərsə də hərəkətlər olsun, anti-Azərbaycan addımlarına biz həmişə cavab vermişik və bundan sonra da cavab verəcəyik. Ona görə də biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim millətin bir parçasıdırlar”, - deyə Prezident vurğulayıb.

Daha sonra ölkə rəhbəri bunları qeyd edib: “Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb var. Respublikada gürcü dili tədris olunan 10 məktəb də var. Gürcüstanda 116 Azərbaycan dili məktəbi fəaliyyət göstərir. İranda elə məktəblər var ki, orada tədris ermənicədir, amma Azərbaycan dilində dərs keçən məktəb yoxdur. Bu, necə ola bilər? Əgər kimsə deyirsə ki, bu, daxili işlərə qarışmaqdır, biz bu cür ittihamları qəti şəkildə rədd edirik. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini qaldırırıq, çünki əks halda öz ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirir, Azərbaycan dili ancaq gündəlik məişət səviyyəsində qalır”.

Maraqlıdır, belə kəskin çıxışlara nə səbəb oldu? Dövlət başçısının belə çıxışlarının davamı olaraq hansı addımlar atıla bilər? Bu mesajların hədəfi nədir?

AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.

Almaniyalı politoloq, “WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun professoru Aleksandr Rar:

“Azərbaycanla İran arasında qızışmaqda olan münaqişə narahatedicidir. Söhbət eskalasiyadan gedirsə, Rusiya və Türkiyəni də əhatə edəcək. Avrasiyanın geosiyasətində tektonik sürüşmələr var: köhnə ittifaqlar və strukturlar dəyişir, yeniləri yaranır - məsələn, Rusiya-İran və ya Türkiyə-Azərbaycan. ABŞ və Avropa Xəzər regionuna qayıdır, Çin İpək Yolu strategiyasını davam etdirir. Problemli vaxtlar yaşayırıq”.

Azərbaycanlı müstəqil siyasi şərhçi Nəsimi Məmmədli:

“Azərbaycanın maraqlarına uyğun olaraq yeni geosiyasi proseslər inkişaf edir. Azərbaycanın strateji müttəfiqi olan Türkiyənin regionda hərbi-siyasi təsiri xeyli artıb, Türk Dövlətləri Təşkilatı sürətlə formalaşır, Rusiya-Ukrayna müharibəsi Azərbaycan-Qərb münasibətlərində yeni dövr açıb. Qərbin enerji təhlükəsizliyində Azərbaycanın və Mərkəzi Asiya regionunun əhəmiyyəti artıb. Bu, Azərbaycanın İranla münasibətlərinə də təsir edir.

İran qonşuluqda müstəqil xarici siyasət yürüdən güclü dünyəvi dövlətin olmasını təhlükə kimi qəbul edir. Xüsusilə əhalinin etnik tərkibi, dini və konfessiyaya mənsubluğu İranı daha çox narahat edir.

Eyni zamanda, Azərbaycanın Ermənistanla müharibədə qələbəsi İrandakı milyonlarla azərbaycanlını ruhlandırıb. Bu, onların milli hisslərinin yüksəlməsinə, özlərinə inamlarının güclənməsinə səbəb oldu. İran bu psixoloji və siyasi təsiri azaltmaq və dayandırmaq üçün yollar axtarır.

Tehran müxtəlif növ əsassız böhtanlarla İran cəmiyyətində Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq istəyir. Bu, artıq həm Azərbaycanla İran arasında qonşuluq münasibətlərində, həm də İranın özündə əks effekt verməyə başlayıb. Həmçinin bu davranış Azərbaycandakı İran tərəfdarları arasında ciddi tərəddüd və məyusluq yaradıb. Bu siyasətə görə Bakı artıq Tehrana güzəştə gedə bilməz. Çünki ölkənin milli maraqları uzun müddət təhlükə altında qala bilər.

Təəssüf ki, Azərbaycan hökuməti hələ də İranda yaşayan soydaşlarımızla bağlı konseptual siyasətini açıqlamayıb. Həmişə İranın reaksiyasına görə, onu qəzəbləndirəcək addımlar atmaqdan çəkinib. Amma indi vəziyyət çox dəyişib. Azərbaycan artıq İrandan çəkinmir.

Bizim hakimiyyət orqanları təkcə ölkə daxilində deyil, həm də BMT və digər beynəlxalq platformalarda bəyanatlarla İranda fundamental və milli insan hüquqlarının pozulması ilə bağlı qətnamə və qərarların qəbulunu fəal şəkildə dəstəkləməlidir. İranda öz ana dilində təhsil almaq hüququ ölkə konstitusiyasının 15-ci maddəsində təsbit olunub. Azərbaycanlıların bu hüququnun reallaşmasına hər cür dəstək verilməlidir.

Ölkəmiz daxili siyasətdə əsaslı dəyişikliklər etməlidir. Milli birliyi təmin etmək üçün mütərəqqi addımlar atılmalıdır. Dini təriqət pərdəsi altında fars millətçiliyini təbliğ edən bütün qruplar və şəxslər nəzarət altına alınmalıdır. İranın casus şəbəkəsini zərərsizləşdirmək üçün daha sistemli işləmək vacibdir. Dini fəaliyyəti tənzimləyən dövlət qurumunda, ölkənin digər dövlət qurumlarında köklü islahat aparmaq lazımdır. İranın ideoloji təsirini azaltmaq üçün sistemli fəaliyyət lazımdır.

İran rejiminin dini ədavətin köməyi ilə Azərbaycanda sabitliyi pozmaq imkanlarını diqqətlə öyrənmək və qabaqlayıcı tədbirlər görmək lazımdır. Eyni zamanda, təhlükəsizlik məsələlərində beynəlxalq tərəfdaşlar və müttəfiqlərlə daha sıx əməkdaşlıq qurulmalıdır”.

Müəllif: Rauf Orucov