Separatçıların "biz də varıq" mesajı və ya sülhməramlılar hara baxır?!

Aktual

21.02.2022 - 21:09

Tofiq Zülfüqarov: "Ya sülhməramılar, ya da Azərbaycanın hüquq-mühafizə orqanları bu qruplaşmaları tərk-silah edib məsuliyyətə cəlb etməlidir"

Azad İsazadə: "Güman ki, Rusiya bu təxribatçılardan gələcəkdə də istifadə etməyi düşünür” 

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri son üç gündə üç dəfə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.  Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.

Nazirliyin bu gün yaydığı məlumatda isə belə deyilir: "Azərbaycan Ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də, Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri isə fevralın 21-i saat 01:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutulub. Qarşı tərəf Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə susdurulub".

Separatçı terrorçuların hərbi aktivliyinin artmasını göstərən başqa məlumatlar da var. Məsələn, erməni mediasında məqalələr yazılır ki, Qarabağdakı separatçılar yaz aylarında yeni müharibəyə başlayacaqlar. Bunun üçün hazırlıq görüldüyü barədə məlumatlar son bir həftədə çoxalıb. Başqa bir məlumat isə Qarabağ ermənilərinin hərbi kurslara cəlb edilməsidir. Xocalı qatillərindən olan separatçı Vitali Balasanyan ötən həftə mətbuata bildirmişdi ki, ermənilərin atəş kursları keçirilir və bu, fevral-mart aylarında davam edəcək.  

Sözdə məramının sülh olduğunu iddia edən Rusiya hərbi kontingentinin komandanlığından isə separatçı tör-töküntünün bu hərəkətliliyinə reaksiya yoxdur. Əksinə, məlumatlara görə, o kurslar bir növ elə sülhməramlıların köməkliyi ilə həyata keçirilir. Terrorçuların aktivləşməsi ilə bağlı analitiklər bildirirlər ki, bunun bir neçə səbəbi var. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya bildirib ki, görünür, erməni radikallar vəziyyəti pozmağa, yeni qarşıdurma yaratmağa çalışırlar: “Təxribatda maraqlı olan ermənilər arasında yaşayan radikal ünsürlərdir. Onlar başa düşürlər ki, ya Azərbaycanın tərkibinə qayıdacaqlar, ya da çıxıb gedəcəklər. Seçimlə razı olmadıqlarını bu şəkildə göstərməyə çalışırlar. Ötən həftə Paşinyan kommunikasiyalarla bağlı müsbət açıqlama verdi. Separatçıların atəş açmağı da bu bəyanatdan sonraya təsadüf edir. Demək ki, Qarabağdakı radikal ünsürlər İrəvana sülhə razı olmadıqlarını demək istəyirlər”. 

"Qarabağda  müvəqqəti olaraq təhlükəsizliyi təmin edən Rusiya sülhməramlıları və Rusiya-Türkiyə Birgə Monitorinq qrupudur. Onlar atəşin hansı ünsürlər tərəfindən açıldığını, revanşda kimlərin maraqlı olduğunu müəyyənləşdirməlidirlər. Bu, asandır. Texniki imkanlar təxribatçıları müəyyənləşdirməyə imkan verir. Onların kimliyi müəyyənləşdirilməli, sonra ya sülhməramılar, ya da Azərbaycanın hüquq-mühafizə orqanları bu qruplaşmaları tərk-silah edib məsuliyyətə cəlb etməlidir", - deyə Zülfüqarov əlavə edib. 

Separatçıların müharibə hazırlığı, atəş kurslarına gəlincə, sabiq nazir deyib ki, bu, boş məsələdir: "Sadəcə bununla demək istəyirlər ki, "biz hələ də, varıq". Necə müharibə edəcəklər, ya da nə ilə müharibə edəcəklər?". 

Hərbi ekspert Azad İsazadə də hesab edir ki, Qarabağdakı separatçı tör-töküntü içərisində hələ də mövcud reallıqla barışa bilməyənlər var. 
Onun sözlərinə görə, müəyyən razılaşmalar var ki, erməni təxribatçıları bu razılaşmalara qarşı olduqlarını nümayiş etdirirlər: "Qarabağdakı qanunsuz hərbi birləşmələr varlıqlarını göstərmək üçün belə təxribatlara əl atmaqdadırlar. Hesab edirəm ki, sülhməramlı missiya təxribatçıları tərksilah etməli, onların qızışdırıcı hərəkətlərinin qarşısını almalıdırlar". 

"Bu gün sülhməramlılar onları tərksilah etməlidir, amma etmir. Niyə? Çünki Qarabağda yaşayan ermənilər Azərbaycanla anlaşsalar, onlara gərək qalmayacaq. Nə qədər ki, Qarabağda ermənilər var, sülhməramlılar da olacaq. Güman ki, Rusiya bu təxribatçılardan gələcəkdə də istifadə etməyi düşünür”, - deyə İsazadə fikrini tamamlayıb. 

Müəllif: Anar Bayramoğlu