“Səni axtarıram”a çıxmış uşaqla bağlı ziddiyyət: Qovulma, yoxsa qaçış?

Cəmiyyət

14.01.2020 - 15:40

"Hüseyni ancaq qapalı müəssisəyə yerləşdirmək lazımdır"

 

“Xəzər” telekanalında yayımlanan “Səni axtarıram” verilişi vasitəsilə Uşaq Sığınacaq Mərkəzinə yerləşdirilmiş Hüseyn adlı uşaq sığınacaqdan qovulub. AYNA-nın əldə etdiyi məlumata görə, bunu, Hüseynin sığınacağa yerləşdirilməmişdən öncə “yaşadığı” kafedə çalışan şəxslərdən biri deyib.

 

Onun sözlərinə görə, Hüseyn yenidən həmin kafeyə qayıdıb: “Hüseyn bura qayıdıb, deyir ki, onu Kəmalə qovub sığınacaqdan. Bura gələndə elə bildik ki, qucağında uşaq var, yaxınlaşanda gödük ki, paltarlarını da qoltuğuna verib göndəriblər. Uşaq yenə də burda qalmağa məcbur olacaq, stolların üstündə yatacaq. Müdirimiz Xoşqədəm Hidayət qızı ilə əlaqə saxlayacaq, soruşacaq ki, uşağı sığınacağa yerləşdirmələri nə idi, geri göndərmələri nə?”.

 

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən sözügedən sığınacağın - Uşaq Sığınacaq Mərkəzinin rəhbəri, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Hüseynin sığınacaqdan qovulması ittihamını qəbul etmədi: “Hüseyn özü qaçıb sığınacaqdan. Dünən saat 5-də qapını qonaq üçün açanda qaçıb. Bunu burda olan onlarla uşaq, böyük görüb. Artıq 3-cü dəfədir ki, çıxıb qaçır və yenə geri dönür, hər dəfə də gələndə bərbad durumda qayıdır, qəbul edirik”.

Rumiyyə Miraslan