Şəhid anası: “Bunu oğluma çox görməyin...” - <font color=red> FOTOLAR</font>

Cəmiyyət

17.01.2021 - 19:24

“Rəcəb şəhid olanda döyüş yoldaşları ağlaya-ağlaya göyə yüzlərlə mərmi atıb və qisas andı içiblər”

 

Sentyabrın 27-də işğalçı Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı Vətən müharibəsi ilə nəticələndi və Azərbaycan Ordusunun göstərdiyi şücaət, qəhrəmanlıq İkinci Qarabağ müharibəsinin taleyini Azərbaycanın xeyrinə həll etdi. 44 gün davam edən döyüşlərdə Ordumuz yüzlərlə kənd, strateji əhəmiyyətli yüksəkliklər və Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini işğaldan azad etdi. Nəticədə noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında, Ermənistanın məğlubiyyəti ilə nəticələnən üçtərəfli bəyanat imzalandı. Həmçinin, bəyanatda Azərbaycanın itkisiz və zərərsiz şəkildə Kəlbəcər, Ağdam və Laçın rayonlarını da geri alması təsdiqləndi.

 

Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycanın Ermənistan üzərində böyük qələbəsi ilə başa çatdı. Təbii ki, dövr nə qədər dəyişsə də, yeni texnologiyalar meydana çıxsa da, müharibənin taleyini İNSAN - qəhrəman əsgərlər, hərbçilər və könüllü döyüşənlər həll edir. Ona görə də heç bir müharibə itkisiz ötüşmür. Azərbaycanın haqlı davasında qələbə qazanmasının əsas pay sahibləri də əzmkarlıqla döyüşən, qazilik və şəhidilik mərtəbəsinə yüksələn qəhrəmanlardır.

 

Bu qələbədə pay sahibi olanlardan biri də Ağdaş rayon Orta Ləki kənd sakini, şəhid Məmmədov Rəcəb Yolçu oğludur. Şəhidimizin anası Zinyət Məmmədovanın AYNA-ya danışdığına görə, oğlu 1996-cı ilin 23 noyabrında Orta Ləki kəndində dünyaya gəlib: “7-ci sinfə qədər dünyaya gəldiyi Ləki kəndində təhsil alıb, 7-ci sinifdən sonra isə Bakı şəhərində orta təhsilini davam etdirib. Rəcəb 2015-ci ildə Azərbaycan Kooperasiya Universitetinə daxil olub, 2019-cı ildə isə ali təhsilini başa vuraraq həqiqi hərbi xidmətini yerinə yetirmək üçün Ağdama yola düşüb”.

 

“Sentyabrın 27-də erməni silahlı qüvvələrinin həyata keçirdiyi növbəti təxribatdan sonra, oğlum da bir əsgər kimi torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulub və döyüş yoldaşları ilə birlikdə torpaqlarımızın azad edilməsində böyük şücaət göstərib. Rəcəb Füzuli rayonunun işğaldan azad edilən ilk kəndləri (Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı) və Cəbrayıl rayonunun (Böyük Mərcanlı, Nüzgar, Şərvəni) kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak edib. Bundan başqa, Rəcəb Murovdağ silsiləsinin azad edilməsində də yaxından iştirak edib, həmçinin Qubadlı, Zəngilan və Laçın rayonları istiqamətində gedən döyüşlərdə böyük fədakarlıq göstərib”, - Z.Məmmədova bildirir.

 

R.Məmmədov 44 günlük Vətən müharibəsinin 41-ci günündə, minamyotçular bölüyündə “baş navodçik” kimi ön cəbhədə düşmənlə döyüşərkən, Xocavənd rayonu ərazisində düşmən gülləsinə tuş gəlir və noyabrın 7-də şəhidlik zirvəsinə ucalır: “Rəcəb şəhid olanda döyüş yoldaşları demişdi ki, onun qisasını mütləq alacaqlar. Çünki çox pərişan olmuşdular. Deyirdilər ki, Rəcəb şəhid olanda canlarından can gedib və ağlaya-ağlaya göyə yüzlərlə mərmi atıb, onun qisasını almağa söz veriblər. Hətta, bundan sonra düşmənin yüzlərlə döyüşçüsünü məhv ediblər. Mənə təsəlli verərək dedilər ki, “Allah onu çox istədiyi üçün yanına apardı, əlimizdən isə heç nə gəlmir, amma əllərinizdən öpürük ki, belə oğul böyütmüsüz”. Bunları döyüş yoldaşlarından dinləmişəm”.

 

“Rəcəb hələ uşaqlıqdan fərqli xüsusiyyətlərə malik idi. Uşaqla uşaq, böyüklə böyük olmağı bacarır, hamı ilə dil tapırdı. Rəcəb şəhid olanda kəndimizdə elə bir adam yox idi ki, ağlamasın, üzülməsin. Onu dəfn etməyə aparanda minlərlə adam şüarlar söyləyərək, nəşini daşımaq üçün az qala yarışa girirdilər. O qədər sevirdilər onu. Rəcəb nə qədər probemlə üzləşsə də, çətinliklərə düçar olsa da, heç vaxt Allaha üsyan etməz, peyğəmbərimizin yolundan ayrılmazdı. Hər kəs də onu sevər, hörmət edərdi”, - deyir şəhid anası.

 

O, oğlunun adının doğulub, boya-başa çatdığı Ağdaş rayonunda əbədiləşdirilməsini istəyir: “Oğlum Vətənini çox sevdiyi üçün canını bu torpaq uğrunda fəda elədi. Onun da haqqı var ki, adı Ağdaş rayonunda yerləşən məktəb, xiyaban, yaxud küçələrin birinə verilsin. Çünki Rəcəb artıq təkcə mənim övladım deyil, bütün xalqın övladıdır. Ona görə də ümid edirəm ki, doğulduğu rayonunun adını layiqincə təmsil edən və ölkəsinin azadlığı uğruda canından keçən vətənprəvər şəhidimizə bunu çox görməyəcəklər”.

Müəllif: Mərahim Nəsib